Özünün sıradışı gedişləri ilə Güney Qafqazda xalqlar arasında anlaşma və sülhü əngəlləyən Fransanın davranışları heç kimi təəccübləndirmir. Bu dövlətin Prezidenti Emmanuel Makron başda olmaqla yüksək vəzifəli rəsmilər bir qayda olaraq guya ermənilərə yardım etmək üçün Azərbaycana “sataşmağı” özlərinə adət ediblər.
İndi də Fransanın İrəvandakı səfiri Olivye Dekotini (Olivier Decottignies) öz ağlınca Azərbaycana dil uzadıb. O, sosial media hesabında hazırda İranın nəzarətində olan və rəsmən “Qərbi Azərbaycan” adlandırılan ostanın xəritəsini paylaşaraq ingilis dilində “The one and only” (Tək və yalnız) qeydli paylaşım edib.
Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət deyib ki, “səfir bununla Azərbaycan Respublikasında və dünya Azərbaycanlıları arasında geniş müzakirə mövzusu olan və hazırda Ermənistan adlanan ərazinin əsl Qərbi Azərbaycan olmasından diqqəti yayındırmağa çalışdığını zənn edir. Halbuki bu adam özü də bilmədən Qərbi Azərbaycanın həm də İranın nəzarətindəki hissəsinə diqqət çəkib. Nə deyirik ki, sağ olsun. Olivye Dekotini kimi “diplomatları” maarifləndirmək bizim işimizdir. Ona izah edirik ki, Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil. Tarixi Qərbi Azərbaycan Quzeydə Ermənistandan başlayaraq Güneydə onun xəritəsini dərc etdiyi sözügedən ostanı da öz içinə alır. Yəni o, öz fransızsayağı gedişi ilə Qərbi Azərbaycanı bölməyə çalışıb, amma bilmədən Azərbaycanın bu böyük bölgəsinin də bütövlüyünə diqqət cəlb edib. Bunda da bir xeyir var əlbəttə”.
Onu da əlavə edək ki, Azər Həsrət səfirin paylaşımına cavab da verib və Qərbi Azərbaycanın Güneyini xatırlatdığına görə ona təşəkkür edib:
“Səfir, sadəcə sizi maarifləndirmək üçün, bu, Qərbi Azərbaycanın Güney kəsimidir. Qərbi Azərbaycanın bütün ərazisi bugünkü Ermənistanı və o ostanı birlikdə əhatə edir. Ona görə də biz sizə Qərbi Azərbaycanın Güney kəsimini xatırlatdığınız üçün minnətdarıq”.