AZ

Türkiyədən yaraşan hərəkət – Azərbaycana görə bunu da etdi

Yaxşı deyiblər, dostunu göstər, deyim kimsən. İndi bizə qonşu kimi sırınmış məlum namərd toplum da. İndi kim erməninin dost-havadarının Azərbaycanın, Türkiyənin düşməni olduğuna şəkk edər ki?

Gəldik mətləb üstünə.

Xəbər gedib ki, Türkiyə Azərbaycan əleyhinə böhtan yazan kanadalı ermənipərəst jurnalist Nil Haueri qardaş ölkəyə buraxmayıb. Məlumatı jurnalist özünün sosial şəbəkə hesabında yazıb.

TURK

Onun sözlərinə görə, dünən İrəvandan İstanbula gəlib, lakin ona “qara siyahı”da olduğu bildirilib və geriyə, İrəvana qaytarılıb. O, qadağanın “Azərbaycanı tənqid etməsi və Qarabağdakı hadisələrlə bağlı ermənipərəst mövqedən yazılar paylaşması ilə əlaqədar ola biləcəyini” istisna etməyib.

Maraqlıdır ki, deportasiyadan cəmi iki saat öncə o, COP29-un Azərbaycanda keçirilməsini tənqid edən və ölkəmizi “Qarabağda etnik təmizləmələr aparmaqda” suçlayan paylaşım edib.

Daha nə gözləyirdin ki? Səni gül-çiçəkləmi qarşılamalı idilər? Üstəgəl, Türkiyəyə məhz Ermənistandan keçmək cəhdi...

Aydındır ki, bu zat İrəvana Azərbaycan və Türkiyəyə münasibətdə xoş niyyətlə səfər etməyib. Ümumiyyətlə, bilən bilir ki, Kanada az qala Fransa qədər iki qardaş ölkəyə düşmən kəsilmiş bir dövlətdir. Bunu 44 günlük müharibə zamanı əyani gördük.

O vaxt, Vətən müharibəsinin həlledici dönəmində Kanada hökuməti “Bayraktar”ın istehsalında istifadə olunan yerli komponentlərin Türkiyəyə tədarükünü yasaqlamışdı. Guya Azərbaycana verilən PUA-lar “işğalçı müharibə”də istifadə olunur. Halbuki ağ yalan idi. Azərbaycan yalnızca beynəlxalq səviyyədə tanınan öz ərazi bütövlüyünü hərbi yolla bərpa eləmək, işğalçıları zərərsizləşdirməklə məşğul idi...

Əlbəttə, qardaş məmləkət qadağanın çarəsini qısa zamanda tapmış, “boşluğu” özü doldurmuşdu. Yəni pislik özlərinə qalmışdı.

Qadağa yalnız bu ilin yanvarında götürüldü. O da Ankaranın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi qarşılığında. Ottava habelə komponentlərdən PUA-larda istifadəsi ilə bağlı Türkiyədən daha çox şəffaflıq (?!) tələb eləmişdi...

Biz həmçinin Kanadanın xarici işlər nazirinin vaxtaşırı Azərbaycan haqda söylədiyi haqsız, cəfəng, hətərən-pətərən açıqlamaları, absurd ittihamları unutmamışıq. Eləcə də başqa qitənin yeganə dövləti kimi ötən il onun Azərbaycanla sərhəddə iki ildir casus fəaliyyəti məşğul olan Avropa Birliyinin missiyasına özünü dürtməsi faktını.

Odur ki, təəccüblü heç nə yox. “Nə tökərsən aşına, o da çıxar qaşığına”...

Mümkündür ki, kanadalı jurnalistin geri qovulmasında əlavə motiv olub. Amma şübhə yox ki, Türkiyə bununla eyni zamanda, Ermənistana, erməni cəmiyyətinə mühüm bir ismarış göndərib: nə qədər ki, Türkiyəyə və Azərbaycana düşmən münasibətdə olacaqsız, kin-nifrət püskürəcək, dünyada əleyhimizə şər-böhtan kampaniyası aparacaqsınız, hər yerdə ayağımızın altını qazıyacaqsınız, özünüzün törətdiyi bəşəri cinayətləri həyasızcasına bizim adımıza yazacaqsınız, o vaxta qədər də sərhədlərin açılmasını, blokadanın götürülməsini görməyəcəksiz. Həm siz, həm də havadarlarınız.

Qonşusu ilə barışıq içində, dinc-yanaşı yaşamaq istəyən erməni xalqı, Ermənistan öncə Türkə nifrəti, böhtanı unutmalıdır! Konstitusiyadan ərazi iddiaları ilə bağlı istinadların çıxarılması daxil, yerdə qalan digər şərtlər, tələblər də bəlli...

Z.SƏFƏROĞLU

Seçilən
14
musavat.com

1Mənbələr