AZ

COP29-a qarşı olan QÜVVƏLƏR: “Erməni lobbisinin təsiri altında…”

“COP-un ən vacib tərəflərindən biri budur ki, bu tədbirdə iştirak edən dövlətlər siyasi məsələlərdən daha çox, ümumilikdə bəşəriyyəti maraqlandıran mövzular üzərindən müzakirələr aparırlar”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

BMT-nin beynəlxalq iqlim tədbiri COP29-un Bakıda keçirilməsinə qarşılıq olaraq ermənilər və ümumilikdə Qərbin başlatdığı qarayaxma kampaniyasından danışan analitikin sözlərinə görə, hələ tədbir başlamadan öncə, hətta aylar əvvəl Azərbaycana qarşı ciddi qarayaxma kampaniyası həyata keçirilməyə başlandı.

“Bu kampaniya, əsasən, media üzərindən aparılırdı. Nəticə isə sıfır olaraq qaldı. Azərbaycan dövləti yüksək səviyyədə, hətta daha öncəki COP tədbirlərindən daha da üst səviyyədə təşkilatçılıq göstərdi. Nəticə olaraq, tarixdə ilk dəfə, keçirilən öncəki COP-lardan fərqli olaraq, Azərbaycanda ən yüksək məbləğdə vəsait toplanmasına qərar verildi. 300 milyard dolların toplanması barədə yekun sənədə imza atıldı. Bu, Azərbaycanın artıq uzunmüddətli prosesə başladığını göstərir”.

Siyasi təhlilçinin fikrincə, Azərbaycan COP29-dan əvvəl də dəfələrlə beynəlxalq və nüfuzlu tədbirlərə ev sahibliyi edib:

“Amma COP-un ən vacib tərəflərindən biri budur ki, bu tədbirdə iştirak edən dövlətlər siyasi məsələlərdən daha çox, ümumilikdə bəşəriyyəti maraqlandıran mövzular üzərindən müzakirələr aparırlar. Əlbəttə ki, bir neçə dövlət və onların siyasi maraqlarını çıxmaq şərti ilə… Ümumilikdə, dövlətlər isə ətraf mühit və bəşəriyyətin ümumi maraqları üzərində müzakirələrə önəm verirlər”.

“Azərbaycan üçün COP29-un yüksək səviyyədə təşkil olunması böyük bir uğurdur. Biz bunu unutmamalıyıq. Düzdür, erməni lobbisinin təsiri altında bəzi qruplar qarayaxma kampaniyası apardılar. Buna baxmayaraq tədbir müvəffəqiyyətlə başa çatdı. Gələcəkdə Azərbaycanın daha böyük və nüfuzlu beynəlxalq tədbirlərdə ev sahibliyi etməsi, həmçinin etimad qazanması üçün geniş imkanlar yarandı. Bir sözlə COP29 ölkəmiz üçün perspektivli və mühüm bir addım oldu”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
13
yenicag.az

1Mənbələr