Ukrayna ordusunun gecə saatlarında ATACMS raketləri ilə Kursk vilayətindəki hərbi aerodromu hədəf aldığı bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın sosial media hesablarına istinadən, "Baza" teleqram kanalı məlumat yayıb ki, Kursk vilayətinin hava hücumundan müdafiə sistemləri gecə ərzində yeddi ATACMS raketi və beş pilotsuz uçuş aparatı (PUA) vurub.
Həmçinin, bir raketin Kursk şəhərindən yaxın ərazidəki Kurçatovda, Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi ərazidə düşdüyü iddia edilir. Hərbi hücumla bağlı video görüntülər də yayımlanıb.
Rusiyanın Kursk vilayətinin qubernatoru Aleksey Smirnovun teleqram kanalı gecə ərzində PVO-nun yeddi raketi vurduğunu bildirib. Ancaq bunların konkret hansı raketlər olduğu haqqında məlumat verməyib. Hücumun nəticələri və yaralananlar barədə isə hələlik heç bir məlumat verilmir.
Rusiyanın Müdafiə Nazirliyi isə hücumun pilotsuz uçuş aparatları ilə həyata keçirildiyini açıqlayıb.