AZ

Dünya savaşın ASTANASINDA: “Avropa ölkələrinə qarşı raket hücumları ehtimalı ciddidir”

“Rusiya-Ukrayna müharibəsi yeni bir mərhələyə qədəm qoyub. ABŞ prezidenti Co Baydenin icazəsindən sonra Ukrayna artıq Rusiyanın strateji dərinliklərinə zərbələr endirmək imkanına malikdir. Bu vəziyyət Rusiyanı daha kəskin addımlar atmağa vadar edir. Rusiya, görünür, gələcəkdə belə hücumların qarşısını almaq üçün indidən sərt tədbirlər görməyə çalışır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Siyasi şərhçi Rusiya lideri Vladimir Putinin son günlər Qərbi hədəfə alan hədyan çıxışlarını şərh edib.

Onun sözlərinə görə, digər tərəfdən, Rusiya müharibəni sanki bütün Qərbə qarşı təkbaşına apardığını nümayiş etdirmək istəyir:

“Halbuki reallıq başqadır: Ukraynaya 50-yə yaxın ölkə müxtəlif səviyyələrdə dəstək göstərir, lakin bu dəstəyin əsasını ABŞ və Böyük Britaniya təşkil edir. Fransanın isə daha çox proseslə bağlı danışdığını, yardım siyahısında ciddi iştirak etmədiyini müşahidə edirik.

Rusiyanın müttəfiqlərinə gəldikdə, İran və Şimali Koreya ön plandadır. İran Rusiya ordusunu dronlar və raketlərlə təmin edib, Şimali Koreya isə artilleriya sistemləri və mərmilər göndərib. Hətta iddialara görə, Çin də dolaylı yollarla Rusiyaya dəstək göstərir. Bu səbəbdən müharibə artıq yalnız iki ölkə arasında deyil, daha geniş qlobal miqyasda münaqişəyə çevrilməkdədir”.

O. Qasımov əlavə edib ki, prezident Vladimir Putinin açıqlamaları Qərbə mesaj kimi qiymətləndirilir:

“O, NATO-nun müəyyən obyektlərini vurmaqla hədələyir. Əgər bu baş verərsə, vəziyyət kəskinləşəcək və bütün NATO ölkələri Rusiyaya qarşı birləşəcək. Bu isə daha genişmiqyaslı münaqişə riskini artıracaq. Digər tərəfdən, ABŞ-da Donald Tramp və Co Baydenin siyasət baxışları fərqlidir. Trampın qərar vermə qabiliyyəti və mövqeyi Baydendən fərqlənir. Lakin bu mərhələdə qlobal savaş ehtimalı aşağıdır. Hazırkı vəziyyət tərəflərin hərbi-strateji mövqelərini gücləndirərək sonda danışıqlar masasına daha əlverişli şərtlərlə oturmaq məqsədinə xidmət edir.

Ümumilikdə, qlobal savaş ehtimalını az hesab edirəm. Bununla belə, NATO obyektlərinə zərbə endirilməsi və ya Avropa ölkələrinə qarşı raket hücumları ehtimalı ciddidir və bunun nəticələri olduqca ağır ola bilər. Bu proseslərin hər biri tərəflərin gələcək qərarlarında həlledici rol oynayacaq”.

Rafi Müslümov

Seçilən
24
yenicag.az

1Mənbələr