AZ

​“Banklarda əmanətlərin məbləği tarixi rekord göstəricidir”

“Milli valyutada 30 min manatədək əmanəti olanların sayı cari ilin 9 ayında 36 faiz artıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“Bank sektoru stabil və dayanıqlıdır. Cari ildə də əhalinin və sahibkarların maliyyə çıxış imkanlarının artırılması xüsusi diqqətdə saxlanılıb. On ayda bank sektorunun kredit portfeli 16,8 faiz, o cümlədən biznes kreditləri 15,9 faiz artıb. Biznes kreditləri payı ümumi portfelin 54 faizini üstələyir”, - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən Vergi Məcəlləsinə depozit gəlirlərinin vergi güzəştləri ilə bağlı edilmiş dəyişikliklər nəticəsində milli valyutada kiçikhəcimli əmanətçilərin sayında da artım müşahidə olunub: “Belə ki, milli valyutada 30 min manatədək əmanəti olanların sayı cari ilin 9 ayında 36 faiz artıb. Bu güzəştlərin nəticəsində bir ildən yuxarı milli valyutada əmanətlərin payı 48,8 faizdən 56 faizə artıb. Pul siyasəti sahəsində aparılan islahatlar bank sektoruna müsbət təsir edib. Cari ilin 9 ayında əhalinin banklarda əmanətləri 10 faiz artaraq 13,8 milyard manatı üstələyib. Bu da tarixi rekord göstəricidir”.

Seçilən
48
5
buta.media

7Mənbələr