AZ

Zaur Paşayev: “10 il boşa gedib” - MÜSAHİBƏ

Azərbaycan millisində karyerasını başa vuran basketbolçu Zaur Paşayevin İdman.biz-ə müsahibəsi

- Ötən gün DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində İsveçrəyə 55:85 hesabı ilə uduzduğunuz matç sizin üçün son oyun oldu. Bu anları necə şərh edərdiz?
- Heç bir idmançı karyerasını başa vurmaq istəmir. Amma vaxtı çatanda məcbursan ki, bitirəsən. Bu həm yaşa, həm də gənclərə yol açmaq üçün vacibdir. 42 yaşım olacaq. Düşündüm ki, vaxtdır, gənc basketbolçulara yol vermək lazımdır. Ona görə milli komanda ilə vidalaşdım.

- Millidə son matçınızın bu cür böyük fərqli məğlubiyyətlə bitməsi sizə necə təsir etdi?
- Belə məğlubiyyətlə vidalaşmaq istəməzdim. Amma bu, idmandır. Burada udmaq da, uduzmaq da var. Belə alındı.

- Geriyə boylansaq, Zaur Paşayev milliyə nə verdi?
- Hamı bilir ki, basketbol mənə çox şey verdi. Mən də əlimdən gələni etmişəm ki, basketbolumuzu irəli aparım. Bunları edə bilmişəmsə, xoşdur. İslam Həmrəyliyi Oyunlarında 2 dəfə çempion olmuşam, kiçik ölkələrin Avropa çempionatını qazanmışam, Gürcüstan çempionu, Superkubokunun qalibi adını qazanmışam. Bundan sonra da çalışacam ki, hansısa bir basketbolçunu yetişdirib ortaya çıxarım. Peşəkar məşqçiliyə başlamaq istəyirəm. Tək ölkəmizdə deyil, Avropaya da çalışmaq arzusundayam.

- Zaur Paşayev, Amil Həmzəyev və Orxan Aydın dönəmi yavaş-yavaş sonlanmağa doğru gedir. Sizcə bundan sonra necə olacaq? Nəsil dəyişikliyi nəticələrə necə təsir edəcək?
- Bəli, Amillə Orxanın da az yaşı yoxdur. Amma onlar daha 2-3 il oynaya bilərlər. Mən də 41 yaşına kimi oynadım (gülür). Onların hər ikisi də 40 yaşına qədər meydana çıxa bilərlər. Ardınca da gənc oyunçular var. Amma 10-15 il Azərbaycanda basketbol olmadığı üçün bizdən sonrakı nəsil çox azdır. Bu problem yaşanmasaydı, çoxlu güclü oyunçular yetişəcəkdi. Hətta məndən də, Orxandan da güclü olacaqdılar. Yenə də gənc oyunçularımız var. Endər Poladxanlı, Əkbər Məmmədov, Şirzad və Elşad Şirzadov qardaşları, Kamran Məmmədov... Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasına prezident seçildikdən sonra bu idman növünə qayğı artıb və sadaladığım gənclər də artırmağa başlayıblar. Ona qədər hər biri başqa iş də görürdü. Düzdür, idman edirdilər, amma başqa yerlərdə çalışırdılar. Belə getsə, 2-3 ilə yeni gənc nəsil yetişəcək. Bunun üçün ölkə çempionatının da azı 4 il belə davam etməsi lazımdır. 15 yaşlı oyunçular 18 yaşına çatanda çox güclü oynayacaqlar. İnanıram ki, belə olacaq.

- Adını çəkdiklərinizdən kimlərin lider olacağına inanırsız?
- Şirzad, Elşad, Endər, Əkbər var. Fiziki baxımdan Poladxanlı yaxşı oynayır. Bütün basketbolçularımız güclüdür, amma Endər çox yaxşı mənada çox fərqlənir. Amildən, Orxandan sonra o liderliyi üzərinə götürəcək. Hər bir gəncimiz öz mövqeyində güclüdür. Onlar öz üzərlərində işləməlidilər ki, milliyə dəstək olsunlar.

- Azərbaycan basketbolu, sizlər heç də asan yol keçməmisiz. Son illər ölkə çempionatının sürətlə inkişaf etdiyini görürük. Bu şərait sizin vaxtınızda olsaydı, daha güclü Zaur Paşayev izləyə bilərdik?
- Azərbaycanda 2001-2006-cı illərdə - Rimas Kurtinaytisin baş məşqçi olduğu dövrdə yaxşı çempionat olub. Həmin illər istisna, digər vaxtlar demək olar ki, boşa gedib. Mən 2010-cu ildə Gürcüstana yollandım, 8 il orda çıxış etdim. Ardınca 1 il Ukraynada oynadım. Azərbaycanda o boşluğu görmədim. Amma bu, ölkəmizdəki uşaqlardan çoxuna təsir etdi, inkişaflarını saxladı. Basketbola gələn uşaqların qarşısını kəsdi. 10 il Azərbaycanda basketbolun olmamağı çox pisdir. Nə qədər ki, çempionatımız var, yalnız yuxarı səviyyədə inkişaf etmək lazımdır.

Emin Ağa
İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr