- Bilirsən, bura haradı?
- Həə, Şəhidlərin parkı.
- Şəhid kimə deyirlər?
- Şəhid çox güclü olur, həm də çox böyük - əli ilə Zəfər Tağını göstərir - dee, o qapı boyda...
Zəfər Parkındakı ilk müsahibim olan balaca Pəri atasının əlindən tutub bu nəhəng qapıdan içəri doğru hərəkət edir. Onun uşaq təxəyyülüylə baxanda bu qapı cənnətə açılan nəhəng, işıqlı bir yol kimi görünür. Bir az irəliləyəndə isə 8 Noyabr abidəsi dikinə qoyulmuş sonsuzluq işarəsi kimi "Əbədiyyətə xoş gəlmisiniz" simvoluna çevrilir.
Əbədi bir zəfər!
Zəfər Tağı mənə Yapon mədəniyyətinə məxsus Torii qapılarını xatırladır. Yaponlar bu qapıların müqəddəs ruhların olduğu yerə, müqəddəs məkana açıldığına inanırlar. Əslində, bu Zəfər Tağı da bizim milli Torii qapılarımızdır.
Abidənin ətrafı insanlarla doludur. Şəkil çəkdirənlər, abidəyə baxıb fikirə gedənlər, övladının, nəvəsinin əlindən tutub parkla tanış edənlər… Yaşlı bir kişi parkın o başında dalğalanan bayrağa baxır. Yanına gedirəm. Parkın gözəlliyindən bir az da o danışsın. Salamlaşıb park haqqında fikirlərini soruşuram:
- Bəyəndiz parkı?
- Çox bəyəndim. Adam buradan çıxmaq istəmir. Rahatlıq tapıram burda. Şəhidlərimizin ruhu var axı.., - Əlindəki sönmüş siqaret kötüyünü cibinə qoyub davam edir, - Bura yeganə parkdır ki, vaxt keçirməyə yox, ziyarət etməyə gəlirəm.
Siqaret kötüyünü yerə atmayıb zibilqabı tapanacan cibində saxlamasından hiss edirəm ki, buranı bir məbəd, müqəddəs ruhların məkanı kimi ziyarət edir. Təşəkkürümü bildirib xudahafizləşirəm.
Memorial abidənin ətrafı dərin xəndəklə əhatə edilib. Bu, zəfərin toxunulmazlığı, əlçatmazlığının simvoludur. Boylanıb nə qədər xəndəyin dibinə baxmaq istəsəm də, görünmür.
- Çox əyilmə, yıxılarsan, – Arxadan orta yaşlı bir səs mənə xəbərdarlıq edir, - Onsuz dibi görünmür.
- Hə, çox dərindir.
- Bilirsən niyə elədir? – Cavabımı gözləmədən davam edir, – Fikir ver, buraya ancaq qapıdan girmək və çıxmaq mümkündür. Başqa yol yoxdur. Mən burada adi işçiyəm. Buranın memarları mənə deyiblər, xəndəyin mənası odur ki, buraya ancaq bizim razılığımızla, bizim qapımızdan sağ-salamat keçmək mümkündür. Bax, o Zəfər tağının hündürlüyü 44 metrdir. Bu da 44 günlük Vətən Müharibəsinə işarədir. Tağın üzərində şəhidlərimizin adları həkk ediləcək, – Park işçisinin danışığından həyəcan və qürur hiss olunur.
Bir qrup insan parkın o başındakı bayrağın mənzərəsində şəkil çəkdirir. Mən də bu mənzərədə bir fotom olsun istəyirəm.
- Bayraqla şəkilimi çəkərsiz, zəhmət olmasa? – parkın gənc ziyarətçisindən xahiş edirəm.
- Əlbəttə, - deyib uzatdığım telefonu götürür.
Bayraqla bir neçə fotomu çəkir.
- Allah şəhidlərimizə rəhmət eləsin, – Telefonu mənə qaytarır, – Açılandan bəri gəlmək istəyirdim, rayonda yaşayıram deyə, qismət olmurdu. Mən özüm də Vətən Müharibəsində iştirak etmişəm. Bura gəlməyi özümə borc sayırdım.
Gəncin danışığından hiss edirəm ki, ürəyi doludur, danışmağa adam axtarır, bir az da kövrəlib:
- Gələ bilmirdim deyə, şəhid dostlarımın ruhu qarşısında özümü başıaşağı hiss edirdim. Şükür, gəldim, bir az toxtaqlıq tapdım.
Gənc veteranla söhbət edə-edə abidəyə tərəf gedirik. Balaca Pəri də buradadır. Atası abidənin önündə fotosunu çəkir.
Onu Pəriylə tanış edirəm:
- Pəri, bax, bu əmi şəhidlərimizi görüb. Onlarla bir yerdə olub.
- O da şəhiddir?
Pərinin bu sualından gənc veteran donub qalır:
- Yox, Pəri, onlar indi çox gözəl yerdədilər. Mən ora çata bilmərəm.
- Pəri deyir ki, şəhidlər çox güclü və böyük olur, – Pəriyə tərəf çevrilirəm:
- Pəri, nə boyda?
Pəri Zəfər tağını göstərir:
- Baax, o qapı boyda.
Gənc veteran Pərini qucaqlayır.
Atası fotolarını çəkir.
Mənsə son qeydlərimi aparıram: “Zamanla Zəfər Tağının üzərinə minlərlə şəhidin adı həkk olunacaq, zamanla Pəri də böyüyəcək və başa düşəcək ki, şəhidlər o tağ boyda olmur. Biləcək ki, belə nəhəng bir tağı ucaltmağa səbəb olanlar, əslində, bizim boyda insanlardır. Bax onda onu quranlara daha çox heyrət duyacaq …"