AZ

COP29: sui-istifadəyə cəhdlər olsa da, müsbət nəticə əldə edilib

COP29:
Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) ümumi mənada müsbət hesab etmək olar.

COP29 mahiyyət etibarilə Birləşmiş Millətlər Təşkilatının (BMT) tədbiridir. Bunu BMT-nin Baş katibi Antonio Quterreşin tədbir boyunca ölkəmizə səfər etməsi də təsdiqləyir. Yəni Azərbaycan və ondan öncə bu tədbirin baş tutduğu ölkələr sadəcə ev sahibi idi.

COP tədbirinin keçirildiyi ölkələrin üzərinə götürdüyü konkret öhdəliklər var:

Birincisi, tədbirin baş tutduğu ölkə ev sahibi statusu daşıyır. Ev sahibi ölkə isə hər şeydən öncə tədbirin keçirilməsinə şərait yaratmalı, qonaqları layiqincə qəbul etməli, nəqliyyat və digər texniki məsələləri həll etməlidir.

Azərbaycan ilk dəfə deyil ki, beynəlxalq tədbirə ev sahibliyi edir. Belə hallarda nələrin edilməli olduğu, qonaqlara xidmət keyfiyyəti kimi məsələlərdə Bakının təcrübəsi var. Xüsusilə xidmət keyfiyyətini artıran könüllülərin olması ciddi üstünlük idi.

Rəsmi Bakının bunun öhdəsindən gəldiyini demək olar. Bunu təsdiqləyən ən önəmli fakt isə COP29 üçün ölkəmizə gələn qonaqların yerli, xarici, hətta müxalif media subyektlərinə verdiyi müsahibələrdə dedikləridir. Şəhərin müxtəlif yerlərində qonaqlarla ünsiyyət zamanı da müsbət təəssüratlarını görmək olurdu.

İkincisi, ev sahibi ölkənin ən mühüm vəzifəsi COP29-un yekun sənədini üzv dövlətlər arasında razılaşdırmaq idi. Bu, sadə bir iş kimi görünsə də, asan deyil. Misal üçün, ötən il Dubayda keçirilən COP28 zamanı Paris Sazişinin 6.4 maddəsinin razılaşdırılmasına böyük ümidlər bəslənilsə də, bu, mümkün olmadı. Bakıda isə tərəflər Sazişin 6.2, 6.4 və 6.8 maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tam nəzarəti altında fəaliyyətinə yaşıl işıq yandırdı.

Digər mühüm nailiyyət 300 mlrd.dollar maliyyə hədəfinə çatılmasıdır. Bu məbləğin əldə edilməsi son günə qədər çətin görünürdü. Çünki artıq neçənci gündür Bakıda olan Almaniyanın xarici işlər naziri Annalena Berbok iqlim məsələləri ilə məşğul olmaq əvəzinə mətbuat konfransı keçirib Azərbaycanda “insan haqlarından” danışdı, Azərbaycan müxalifəti və Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Sonuncu gün COP29-un müzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla məşğul oldu. Bundan başqa, İsveç nümayəndəliyi də ciddi müqavimət göstərirdi.

Bütün bunları nəzərə alsaq demək olar ki, Azərbaycan çox çətin, məsuliyyətli bir işin öhdəsindən layiqincə gəldi. Ən önəmlisi isə qarşıdan gələn dövrdə bu məbləğin artırılması üçün zəmin yaradıldı.

Turan RZAYEV
Politoloq
Seçilən
31
1
reyting.az

2Mənbələr