Gürcüstanın 11-ci çağırış parlamenti işə başlayıb. İlk iclasda ölkənin qanunverici orqanı onun səlahiyyətlərinin tanınması prosedurunu həyata keçirib, həm də sədr seçilib. Bu barədə OxuMeni.Az gürcü mətbuatına istinadən xəbər verir.
Artıq 2021-ci ildən bu vəzifəni tutan Şalva Papuaşvili respublikanın yenilənmiş parlamentinin sədri seçilib. O, açılış nitqində Gürcüstan xalqının hakim partiyanı dəstəklədiyini bəyan edib.
Xalq nümayəndələrinin qarşısında duran ilk vəzifələrdən biri də prezident seçkilərinin təşkili oldu. Gürcüstan parlamenti seçki prosesinin tarixini sabah, noyabrın 26-da təyin etmək niyyətindədir. Papuaşvili qeyd edib ki, Gürcüstanda prezident seçkiləri hələ bu il keçirilə bilər.
Parlamentin ilk iclasında hakim “Gürcü arzusu” partiyasını təmsil edən 89 deputatın iştirak etdiyi bildirilir. Müxalifət deputatları parlamentin işə başlamasına məhəl qoymamaq qərarına gəliblər. Onlar mandatlardan da imtina etməyi planlaşdırırlar.
Qeyd edək ki, ilk iclas parlament binası yaxınlığında müxalifətin mitinqi ilə müşayiət olunub. Müxalifət fəalları və onlara rəğbət bəsləyənlər iş yerinə gələn deputatları fitə bassalar da, iclasa ciddi müdaxilə edə bilməyiblər. Polis vəziyyətə tam nəzarət edirdi.
Almaz Həsənli