Demək olar ki, bütün turnirlərdən medalla qayıtmağı bacarırıq.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın güllə atıcısı İmran Qarayev deyib.
O, Serbiyanın Smederevo şəhərində keçirilən Qran-pridə bürünc medal qazanması barədə danışıb:
"Bütün turnirlər idmançılara xüsusi təcrübə verir. Hər yarışda yeni nailiyyətlər qazanmağa başlayırıq. Demək olar ki, bütün turnirlərdən medalla qayıtmağı bacarırıq. Serbiyadakı Qran-pridə nəticəm daha da yaxşı ola bilərdi. Başlanğışda, ilk üç seriyadakı 30 atışım bir az uğursuz alındı. Lakin növbəti üç seriyada hər şey qaydasında oldu. Yarış həqiqətən maraqlı keçdi. Yeni ölkələrə gedib, oranın tirində atəş açmaq idmançılara yeni təcrübə qazandırır. Hər dəfə Avropada mükafat qazananda, xarici ölkələr Azərbaycanı daha yaxşı tanıyır".
Qeyd edək ki, İ.Qarayev pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada 568 xal toplayaraq Qran-prini üçüncü sırada tamamlayıb. Sözügedən yarışda millimizin heyətində Vladislav Kalmıkov qızıl, Leyli Əliyeva isə gümüş medala sahib çıxıb.