AZ

Rusiyada Trampa ümid bəsləyirlər — Savaş dayanacaq?

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası dövründə Ukrayna savaşını dayandıracağını vəd etmişdi. Sonrakı mərhələdə də bu istiqamətdə müəyyən addımların atılmasına cəhd göstərdi. Bəzi məlumatlara görə prezident səlahiyyətlərinin icrasına başlamasa da artıq onun emissarları Kreml təmsilçiləri ilə səhnə arxasında məxfi danışıqlar aparmağa başlayıblar. Bu baxımdan danışıqlarda müəyyən nəticələrin əldə edilməsi barədə məlumatlar var. Buna görə də Rusiyanın siyasi elitasını təmsil edən bəzi şəxslərin Tramp tərəfindən Ukrayna savaşının dayandırıla biləcəyi barədə fikirlər söyləməsi qətiyyən təəccüblü deyil”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. O, bildirib ki, böyük ehtimalla Rusiya Trampdan Rusiyanın maraqları çərçivəsində bir sülh sazişi gözləyir: 

“Əslində, Tramp bunun ilkin mesajlarını da verib. Onun planına görə Rusiyanın qüruru aşağılanmayacaq səviyyədə, yəni işğal olunmuş ərazilər Rusiyanın nəzarətində qalmaq şərtilə sülh sazişi imzalanmalıdır. Bu baxımdan Kremldə ABŞ-nin yeni prezidentinə ümid bəsləyirlər”. 

Ekspert onu da qeyd edib ki, indiki situasiya Donald Trampın uğur qazana biləcəyinə müəyyən şübhələr yaradır:

“Çünki Bayden administrasiyası və Qərbdə Ukrayna savaşının dayanmasına əngəl yaradan qüvvələr – bəzi NATO ölkələri, xüsusən Fransa, rəsmi Kiyevə Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi veriblər. Bundan belə nəticə çıxır ki, Donald Trampa Ukrayna savaşını dayandırmaq imkanı vermək istəmirlər. Rusiyaya endirilən zərbələr artıq başlanmış 3-cü dünya savaşını aktiv fazaya keçirə bilər. Rusiya isə NATO  ilə açıq savaşa girmək gücündə deyil, ona görə də Trampa ümid bəsləyir”.

Qeyd edək ki,  Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə nail ola bilər. O bildirib ki, bütün açarlar Vaşinqtondadır.

Törə Zeynallı
Demokrat.az
Seçilən
23
demokrat.az

1Mənbələr