AZ

COP29: İmzalanan sənədlər və hüquqi perspektivlər

Ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Konfransının 29-cu sessiyası (COP29), qlobal iqlim siyasətində yeni bir mərhələnin başlanğıcı oldu.

Bu tip sammitlər dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrin iştirak etdiyi və iqlim dəyişiklikləri ilə mübarizəyə dair beynəlxalq razılaşmaların əldə edildiyi mühüm tədbirlərdir. COP29-da imzalanan sənədlər yalnız elmi və texniki baxımdan deyil, həm də hüquqi və siyasi perspektivdən ciddi əhəmiyyətə malikdir.

Bəs bu sənədlərin əhəmiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Zübeyir Bağırzadə bildirib ki, COP29-da qəbul edilən sənədlər beynəlxalq iqlim hüququnun inkişafında yeni bir dövrü təmsil edir:

"Bu sənədlər bir çox ölkə üçün yeni hüquqi öhdəliklər və tələblər yaradır. İqlim dəyişikliyinin qarşısını almaq məqsədilə atılacaq addımların koordinasiyası və gücləndirilməsi üçün bu sənədlər, hüquqi çərçivənin daha da möhkəmlənməsini təmin edir. İmzalanan sənədlər, beynəlxalq hüquq çərçivəsində əsasən iqlim dəyişikliyinə qarşı mübarizə üçün qlobal səviyyədə ortaq hərəkət planlarının hazırlanması və hər bir ölkənin özünün iqlim siyasətini formalaşdırmasına, tətbiq etməsinə, bu siyasətin yerinə yetirilməsinə dair hüquqi öhdəliklərin qoyulmasına xidmət edir".

Onun sözlərinə görə, COP29-da qəbul edilən qərarlar 2015-ci il Paris Sazişi ilə uyğunlaşdırılıb:

"Paris Sazişi qlobal istiləşməni 1.5°C ilə məhdudlaşdırmağı məqsəd qoyan tarixi bir razılaşma olaraq qəbul edilir. Bu razılaşma çərçivəsində hər bir ölkə iqlim dəyişikliyi ilə mübarizə istiqamətində öz hədəflərini müəyyən edir və onlara çatmaq üçün fəaliyyət planları hazırlayır. COP29-da qəbul edilən sənədlər isə bu razılaşmanın tətbiqini və daha da irəliləməsini dəstəkləyir. Məsələn, ölkələrə tətbiq edilən yeni hesabatlıq və şəffaflıq prinsipləri, onların öz öhdəliklərini yerinə yetirmələrini və irəliləyişlərini izləmək üçün hüquqi mexanizmləri gücləndirir".

Hüquqşünas qeyd edib ki, COP29-da qəbul edilən sənədlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və digər mühüm sənədlərin davamı kimi qiymtələndirilməlidir:

"Bu sənədlər bütün ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üçün bərabər hüquqi öhdəliklərə malik olduğunu, lakin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin fərqli hüquqi məsuliyyətlərə malik olmasını təmin edir. Bu fərqlilik ortaq, lakin fərqli öhdəliklər prinsipi ilə əsaslandırılır. Yəni, inkişaf etmiş ölkələr daha yüksək karbon emissiyaları ilə əlaqədar daha sərt öhdəliklərə malikdirlər, inkişaf etməkdə olan ölkələr isə texnoloji və maliyyə dəstəyi almalıdır. Bundan əlavə, COP29-da qəbul edilən sənədlər, yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf anlayışlarını beynəlxalq hüquqa inteqrasiya etməyi məqsəd qoyur. Bu sənədlər həmçinin iqtisadiyyatların karbonasızlaşdırılması, təbii resursların qorunması və təkrar istifadəsi kimi məsələlərə dair konkret hüquqi öhdəliklər yaradır".

Zübeyir Bağırzadənin sözlərinə görə, imzalanan sənədlər ölkələr üçün yeni hüquqi öhdəliklər yaradır. Bu öhdəliklər, həm qlobal, həm də milli səviyyədə tətbiq ediləcək müxtəlif tədbirləri və mexanizmləri əhatə edir. Bütün bu öhdəliklərin yerinə yetirilməsi və izlənməsi üçün müxtəlif hüquqi və institusional strukturlar qurulmalıdır:

"İmzalanan sənədlər hər bir ölkənin özünün iqlim hədəflərinə nail olub-olmaması barədə mütəmadi olaraq məlumat verməsini tələb edir. Bu hesabatlar müstəqil ekspertlər tərəfindən qiymətləndirilir və sonda qiymətləndirmə nəticələrinə əsasən ölkələrə müxtəlif tövsiyələr verilə bilər. Bu, öhdəliklərin yerinə yetirilməsində daha yüksək şəffaflıq və məsuliyyət tələb edir. İqlim dəyişikliyi üzrə hüquqi öhdəlikləri yerinə yetirməyən ölkələrə qarşı tətbiq edilən cəza mexanizmləri də vacibdir. Bu cəzalar iqtisadi təzyiqlər, ticarət sanksiyaları və ya daha ciddi diplomatik təzyiqlər şəklində ola bilər. Bu cəza mexanizmləri beynəlxalq hüququn tətbiqini və ölkələr arasında ədalətli mübarizəni təmin etməyə yönəldilmişdir".

Zübeyir Bağırzadə: İmzalanan sənədlər ölkələr üçün yeni hüquqi öhdəliklər yaradır

Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal iştirak edən ölkələrdən biri olduğunu vurğulayan həmsöhbətimizin dediyinə görə, COP29-da imzalanan sənədlər Azərbaycanın iqlim siyasətinin gücləndirilməsi və bu sahədə beynəlxalq hüquqla əlaqələrinin daha da möhkəmləndirilməsi üçün önəmli bir şans yaradır:

"Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə mövqeyi, qlobal iqlim məsələlərinə verdiyi töhfələr və ölkə daxilində qəbul etdiyi ekoloji siyasət COP29-da imzalanan sənədlərlə daha uyğun hala gəlir. Azərbaycanın hüquqi mövqeyinə gəldikdə, ölkə Paris Sazişinə qoşulmuş və qlobal iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində öz öhdəliklərini yerinə yetirməkdə davam edir. Lakin, COP29-da imzalanan sənədlərin tətbiqi Azərbaycanın iqlim siyasətində bəzi dəyişikliklərə, həmçinin yeni hüquqi və institusional təşəbbüslərin həyata keçirilməsinə ehtiyac yaradacaq. COP29-da qəbul edilən sənədlərin həyata keçirilməsi üçün Azərbaycanın mövcud qanunvericiliyində dəyişikliklər tələb oluna bilər. Bu, xüsusilə karbon bazarlarının yaradılması, təbii resursların idarə olunması və iqlim dəyişikliklərinə uyğunlaşma üzrə yeni hüquqi normativlərin tətbiqi ilə bağlıdır. Əlavə olaraq, karbon emissiyalarının azaldılması üçün əlavə tədbirlər və sanksiyalar tətbiq edilə bilər".

Müsahibimiz deyib ki, Azərbaycan inkişaf etməkdə olan ölkə olaraq COP29-da qəbul edilən maliyyə və texnoloji dəstək mexanizmlərindən faydalana bilər. O qeyd edib ki, baş verənlər ölkənin iqlim dəyişikliyi ilə mübarizəsində daha sürətli irəliləməsi və qlobal hədəflərə çatması üçün vacib bir addımdır. Bu həm də Azərbaycanın dünya miqyasında öz nüfuzunu artırmasına və iqlim siyasətində daha müsbət bir rol oynamasına imkan verəcək:

"COP29-da qəbul edilən sənədlərin hüquqi və praktiki tətbiqi qlobal iqlim siyasətinin gələcəyini müəyyənləşdirəcək. Bu sənədlərin həyata keçirilməsi, yalnız iqlim dəyişikliyi ilə mübarizənin sürətləndirilməsini deyil, həm də beynəlxalq hüququn gücləndirilməsini təmin edəcək. Yeni hüquqi mexanizmlər ölkələrin daha məsuliyyətli və koordinasiyalı bir şəkildə iqlim dəyişikliyi ilə mübarizə aparmalarına şərait yaradacaq".

Əli Hüseynov

Seçilən
20
bakivaxti.az

1Mənbələr