AZ

Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO

"Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində zibillər vaxtında yığışdırılmır. Üfunət səbəbindən ərazidən keçmək mümkün deyil".

Bunu Bakupost.az -a şikayət edən Sumqayıt sakinləri deyib.

Onların sözlərinə görə, yaxınlıqda böyük supermarket yerləşir. Sakinlərdən başqa, market də xarab olan məhsulları və zibilləri ora atır:

"Ərazidə antisanitariyya vəziyyəti hökm sürür. Zibil konteynerləri günlərlə boşaldılmır. Bu, həm ətraf mühitə ziyan vurur, həm də insanların sağlamlığına ciddi təhlükə yaradır. Hər gün eyni mənzərə ilə qarşılaşırıq. Zibil tullantıları vaxtında yığışdırılmadığı üçün ətrafa pis qoxu yayılır. Konteynerlərdə yer olmadığı üçün sakinlər zibili yerə atmağa məcbur olur".

Məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Allahverdizadə Bakupost.az-a ada bildirib ki, bələdiyyənin yaranmış vəziyyəti birbaşa həll etmək imkanı yoxdur, sakinlər isə siqnal xidməti vasitəsilə müəyyən məbləğ qarşılığında əraziyə xüsusi məişət tullantıları maşını cəlb edə bilərlər:

"Şəkillər və videolardan görünür ki, antisanitariya vəziyyətin yaranmasında yaxınlıqdakı supermarketin böyük rolu var. Çünki məişət tullantılarının qalaqlanıb qaldığı yer həmin obyektə çox yaxındır. Problemin tam həlli üçün Sumqayıt İcra Hakimiyyəti ilə əlaqə saxlanılması məqsədəuyğundur," - deyə o əlavə edib.

Sumqayıt İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə də əlaqə saxladıq. O, Bakupost.az -a problemin əsas səbəbkarı kimi yaxınlıqdakı böyük supermarketin fəaliyyətini göstərdi:
"Supermarketə ərazinin təmizliyini nəzarətdə saxlamaq və tullantıların vaxtında yığışdırılması üçün ciddi tapşırıq verilib. Hazırda həmin ərazi zibillərdən tamamilə təmizlənib", - deyə Eyvaz Qocayev bildirdi.

Lalə, Bakupost
Seçilən
35
2
bakupost.az

3Mənbələr