AZ

Büdcə müzakirələrindən polislərə də şad xəbər çıxdı...

Image

Şəmsəddin Əliyev: “Polislərin əmək haqqının artması təqdir olunmalıdır”

Bu gün Azərbaycan polisi, sözün həqiqi mənasında, xalqın güvənc yerinə çevrilib. Ailədaxili münaqişədən tutmuş, təbii hadisələrə qədər insanlar üzləşdikləri hər bir problemə görə ilk olaraq polisə üz tuturlar. Bu da insanların polisə bəslədiyi inam və etibarın göstəricisidir. 

Sirr deyil ki, ölkəmizdə ictimai asayişin qorunmasında, təhlükəsizliyin, sabitliyin təmin olunmasında polisin müstəsna rolu var. Elə bu səbəbdən də polislərin maaşlarının artırılması müzakirə olunur. Gələn il Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqlarının artırılması məsələsinə baxılacaq. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib. Nazir bu il Daxili Qoşunlarda maaşların artırıldığını xatırladıb.

“8 saatlıq iş rejimində yox, 14 -16 saat çalışan bu qurumun nümayəndələrinin əmək haqqı 950 manat olmamalıdır”

Polislərin maaşının artacağı barədə fikir bildirən “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, birinci və ikinci Qarabağ müharibəsində polislər də iştirak edib. Onlar arasında çoxlu sayda milli qəhrəman var: “Birgünlük antiterror əməliyyatı zamanı da polislərin rolu, əməyi danılmazdır. Hesab edirəm ki, cinayətkarlıqla mübarizənin özü də müharibənin bir formasıdır. Il ərzində təxminən 30-31 min cinayət faktı qeydə alınır. Onların əksəriyyəti də qeyri-aşkar şəraitdə baş verib. Məlumdur ki, həmin cinayətlərin 90 faizi açılıb və  təmin edilib. Bu səbəbdən də hesab edirəm ki, 8 saatlıq iş rejimində yox, 14 -16 saat çalışan bu qurumun nümayəndələrinin əmək haqqısı 950 manat olmamalıdır. Qeyd etdiyim məbləğ onlar üçün social-iqtisadi çətinlik yaradır. Nəzərə almaq lazımdır ki, polis ailəsində bir və ya iki nəfər ödənişli təhsil alırsa o ailələrin vəziyyəti bir az da çətinləşir. Bu səbəbdən də polisin əmək haqqının artırılması çox zəruridir. Hesab edirəm ki, artım polisin sosial müdafiəsini təmin etməklə, ölkənin daxilində sabitlik təmin olunacaq. Polislərin əmək haqqının artması təqdir olunmalıdır”.

Həmsöhbətimiz hesab edir ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqlarının artırılması Azərbaycan dövlətinin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılması, onun icrasında da ciddi dəyişikliklərə səbəb olacaq.

Günel CƏLİLOVA





Seçilən
19
baki-xeber.com

1Mənbələr