AZ

Arxeologiyanın dəliqanlısı

Ötən əsrin əvvəllərində Azərbaycandan Türkiyəyə mühacirət edən ailələrin övladları arasında bu ölkədə yetişmiş tanınmış elm xadimləri olub. Onlardan Dilşad Talıbxan Elbrus, Sürəyya Odoğlu, Sürəyya Ağaoğlu, Tezer Taşkıran kimi şəxsləri göstərə bilərik. Bu ziyalı qadınlarla yanaşı ölkəmizdə çox da tanınmayan daha bir Azərbaycan əsilli alim də vardır.

O, Şəkidən İstanbula köçmüş, Osmanlı sultanının mabeyni olan Məhəmmədəmin Darğazadənin nəvəsi arxeoloq Muhibbə Darğadır.

M.Darğa 1921-ci il iyunun 13-də İstanbulda doğulub. Atası Dr. Əhməd Səid bəy, anası Sabiha xanımdır. Təhsil həyatına 1929-cu ildə İstanbulun Yel değirmeni səmtində yerləşən St. Euphemie məktəbində başlayıb. Atası işə görə Parisə getdiyi üçün təhsilini bir müddət oradakı Ecole Superieur de Jeune Fille məktəbində davam etdirib. 1932-ci ildə yenidən Türkiyəyə qayıdıblar və Muhibbə xanım İstanbulda Qazi ibtidai məktəbində, Çamlıca orta məktəbində oxuyub, nəhayət, Erenköy Qızlar Liseyindən məzun olub.

Ailəsinin kökləri, eləcə də dövrün məşhur tarixçisi Afet İnandan dərs alması onda tarixə böyük maraq yaratmışdı. Eləcə də Parisdə ikən atasının onu Afina və Pompey şəhərlərindəki qədim yerlərə aparması, Luvr muzeyini gəzdirməsinin xüsusi rolu olub.

Ona görə də İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinin Arxeologiya bölümünə müraciət edib. Məqsədi hetşünaslıq üzrə mütəxəssis kimi yetişmək idi. O, universitetdə Ord. Prof. Arif Müfid Mansel, Prof. Dr. H. Th. Bossert, Prof. Dr. E. Bosch kimi şəxslərdən dərs alıb.

1943-cü ildə Bossertin rəhbərliyində “Eskiçağ’da Pencereden Bakan Kadın Motifleri” mövzusunu çalışıb məzun olan Muhibbə xanım 1947-ci ildə Mazhar Şevket İpşiroğlu, Manselkimi alimlərin önündə doktorluq dissertasiyasını (“Büyük Kral Muvatallis Ritüelinde Zikredilen Tanrılar ve Kült Yerleri Üzerinde Araştırmalar”) da müdafiə edib. Bu dövrdə ailə həyatı qurub.

Elmi həyata qədəm qoyan Muhibbə xanım Bossertin rəhbərliyində baş tutan Anadolu elmi səyahətlərində müəllimindən olduqca təsirlənib. Darğa Maraş, İskenderun, Çanakkale, İzmir, Fethiye kimi bölgələrdəki tədqiqat işlərinə cəlb olunub. 1947-1951-ci illərdə Bossert, Halet Çambel ve Bahadır Alkımla birgə Karatepe (Adana) qazıntılarına qatılıb. İkinci dəfə ailə qurduğu şəxs hərbçi olduğu üçün bir müddət ərinin (yüzbaşı Necati Sarıer) təyinat aldığı yerdə yaşayıb, Muş və Elazığda fransızca və türkcə müəllimi kimi fəaliyyət göstərib. Amma bu dövrdə də arxeoloji tədqiqatlarına davam edib, Karatepe qazıntılarında tapılan kiçik əsərlər üzərində çalışıb.

1959-cu ildə universitetə geri dönən M.Darğa 1965-ci ildə dosent (“Hitit Bayram Rituali Metinlerinde NA4 huvaşi, Etarnu ve Kutsal Koruluk” mövzusu ilə), 1973-cü ildə professor olub. Assuriya, Het dövrləri ilə bağlı dərs deyib. 1985-ci ildə universitetdən təqaüdə çıxıb. Amma müəllimlik fəaliyyətini davam etdirib, 1985-ci ildə Eskişehirdəki Anadolu Universitetində mədəniyyət tarixi fənnindən dərs deyib.

1989-cu ildə Dorylaion qazıntılarına qatılıb. Eləcə də Elazığdakı Şemsiyetepe Höyüğü qazıntılarına rəhbərlik edib. 1990-cı ilədək burada fəaliyyət göstərib.
M.Darğa Alman Arxeologiya İnstitutunun müxbir üzvü olub. 2018-ci il martın 6-da vəfat edib.

Muhibbə xanım arxeologiyaya aşırı şəkildə aşiqdi. İxtisası ilə bağlı deyərdi: “Arxeologiyasız yaşaya biləcəyimi düşünmürəm. Arxeologiya mənim üçün eşqdir və illərdir bu işin içərisindəyəm. İmkanlar və şərait olduğu zaman bir qadının edə bilməyəcəyi heç nə yoxdur”.
Muhibbə xanım həm də qiymətli kitabların, onlarla məqalənin müəllifi idi. “Eski Anadolu’da Kadın”, “Hitit Mimarlığı I. Arkeolojik ve Filolojik Veriler”, “Hitit Sanatı”, “Anadolu’da Kadın, On Bin Yıldır Eş, Anne, Tüccar, Kraliçe” kimi əsərləri təməl qaynaqlardan hesab olunur. O, babasının yazdığı “İstanbul’dan Asya–yı Vusta’ya Seyahat” kitabını də hazırlayaraq çap etdirib.

Beləliklə, “Arxeologiyanın dəliqanlısı” ləqəbini qazanan Muhibbə xanımın elmi irsinin ölkəmizdə də tanıdılmasıı gərəklidir.


Müəllif: Teleqraf.com
Seçilən
32
teleqraf.com

1Mənbələr