AZ

Direktor oğurluğa cəhd edərəkən yaxalanıb - Fotolar

Direktor

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti 128 nömrəli binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən «1001 xırdavat» mağazasından bir qrup şəxsin oğurluq etməsinin qarşısı alınıb.

Bu barədə Reyting.az-a adıçəkilən mağazanın sahibi Müjdə Hacıyev məlumat verib.

Müjdə Hacıyev redaksiyamızla əlaqə saxlayaraq deyib ki, 25 noyabr 2024-cü ildə, saat 14:40 radələrində mağazasından çıxıb nahar fasiləsinə gedəndən sonra, qabaqçadan əlbir olmuş bir qrup şəxs oğurluq etmək üçün onun mağazasına gizli yolla daxil olmaq üçün mağazanın beton tavanını xüsusi texniki vasitə ilə kəsməyə cəhd göstərib. Bunu həmin vaxt təsadüfən mağazada olan Müjdə Hacıyevin oğlu görüb. O, bu barədə atasına telefonla məlumat verib və M. Hacıyev dərhal mağazaya qayıdaraq oğlu ilə birlikdə həmin şəxsləri yaxalayıb.



Məlumata görə, hadisə yerinə dərhal Nərimanov Rayon Prokurorluğunun və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəliblər.

Bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım briqadası M. Hacıyevin xəsarət alan oğluna ilkin tibbi yardım göstərib.

Müəyyən olunub ki, beton tavanı kəsərək mağazaya daxil olmaq istəyən dəstənin rəhbəri «MƏQAM» MTK-nın direktoru, Nəsimi rayon sakini İzzət Asif oğlu Nəsirovdur.

Bildirilir ki, oğurluğun qarşısı alınarkən betonkəsici alət İzzət Nəsirovun əlində olub.

Dəstənin digər üzvləri Amid və Hüseyn adlı şəxslərdir. İddia olunur ki, Amid adlı şəxs əvvələr polis orqanında xidmət edib.

Saxlanılan şəxslər ilkin izahatlarında bildiriblər ki, mağazanın beton tavanını guya ərazidə aparılan söküntü işləri ilə bağlı kəsiblər. Lakin onların bu izahatı inandırıcı olmayıb. Çünki mağazanın yerləşdiyi bina 4 mərtəbədən ibarətdir, həmin binada kifayət qədər boşaldılmış otaqlar var ki, onların tavanını da, divarını da sökə bilərdilər. Həmçinin, tavanı kəsərək mağazaya daxil olmaq istəyən həmin şəxslərin ərazini Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli 11 saylı Sərəncamı ilə icarəyə götürmüş «Gold Residence» MMC-yə heç bir aidiyyəti yoxdur. Hazırda «Gold Residence» MMC həmin ərazini qanunsuz olaraq hasara alıb və qanunsuz söküntü işləri aparır. Həmin faktla bağlı Nərimanov Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı aparılır.



Qeyd edək ki, «MƏQAM» MTK-nın vəzifəli şəxsləri tərəfindən cinayət törədilməsi barədə əvvəllər də mətbuatda məlumatlar yayılıb. Həmin MTK-nın əvvəlki direktoru Cəmil Nazim oğlu Qasımov barəsində Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri cinayət işinin istintaqı aparılıb və ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilib. 2024-cü ilin may ayında Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cəmil Qasımov təqsirli bilinərək 3 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına şərti məhküm edilib, həmçinin 2 il müddətində tikinti təmir-quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunub.

V. QULİYEV
Seçilən
27
reyting.az

1Mənbələr