AZ

Nazir: Çin Qərbin liderlik nümayiş etdirəcəyi halda iqlim yardımını artırmağa hazır idi

Bakıda keçirilmiş COP29 iqlim sammitində Çin inkişaf etmiş ölkələrin daha çox təşəbbüs göstərəcəyi təqdirdə iqlimə yardımı artırmağa hazır olduğunu bəyan edib. Buna baxmayaraq, sənaye cəhətdən inkişaf etmiş ölkələr tərəfindən razılaşdırılan 300 milyard dollarlıq ümumi məbləğ iqlim böhranı ilə mübarizə üçün minimum 500 milyard dollar tələb edən inkişaf etməkdə olan ölkələrin tənqidinə səbəb olub.

“Ölkə.az” xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevin "Guardian"da dərc olunan məqaləsində qeyd olunur.

“İki həftəlik gərgin danışıqlardan sonra əldə edilən “Bakı irəliləyişi” inkişaf etmiş ölkələrin hökumətləri, çoxtərəfli inkişaf bankları və özəl sektordan maliyyə vəsaitlərini bir araya gətirdi. Bunun sayəsində bu il iqlim maliyyələşdirilməsi 1,3 trilyon dollara çatdırılacaq. Eyni zamanda, ən həssas ölkələrə kömək etmək üçün İtki və Zərər Fondu yaradılıb.

Əldə olunan razılaşmanın vacibliyinə baxmayaraq, onun şərtləri tənqidlərə səbəb olub. İnkişaf etməkdə olan ölkələr ilkin olaraq təklif olunan 250 milyard dolları rədd ediblər və bu məbləği ədalətsiz, iqlim böhranı ilə mübarizə üçün yetərsiz hesab etdilər. Yalnız Azərbaycanın danışıqlar komandasının inandırıcı arqumentlərindən sonra və bəzi ölkələrin, o cümlədən Böyük Britaniyanın çevikliyi sayəsində məbləğ 300 milyard dollara çatdırıldı”, - məqalədə qeyd olunub.

M.Babayev razılaşmanın asan əldə olunmadığını vurğulayıb. O qeyd edib ki, danışıqlar iqlim maliyyələşdirilməsi və hesabatlılıq üzrə qlobal Şimal və Cənub arasında dərin uçurumun olduğunu nümayiş etdirib.

“COP29 həmçinin beynəlxalq karbon kvotaları ticarəti üçün qlobal strukturun yaradılmasını yekunlaşdırdı və bu, az inkişaf etmiş ölkələrə maliyyə cəlb etmək üçün yeni imkanlar açır. Amma sammit iştirakçıları razılaşdılar ki, hələ də ciddi problemlər qalmaqdadır, Bakıda qəbul edilən qərarlar iqlim dəyişikliyinə ədalətli və effektiv reaksiya üçün yalnız ilk addımdır.

Danışıqların növbəti mərhələsi 2025-ci ildə Braziliyanın Belem şəhərində baş tutacaq”, - məqalədə əlavə olunub.

Seçilən
42
6
olke.az

8Mənbələr