AZ

Xarici siyasətimizin koordinatları:Prinsipiallıq, qətiyyət, siyasi iradə!

İşini uğurla başa çatdıran COP29 Azərbaycan diplomatiyasının növbəti qələbəsinin, ölkəmizin siyasi, iqtisadi, humanitar platfomalarda möhkəmlənən mövqeyinin, artan nüfuzunun bir daha təsdiqi oldu

«Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!»

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində iştirak edən qonaqları salamlayan, eyni zamanda, tədbirin Azərbaycanda keçirilməsini istəməyən Qərbə, bəzi ermənipərəst dairələrə mesajını bu sözləri ilə bildirən Prezident İlham Əliyev əlavə olaraq vurğulamışdı ki, 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycan COP29-un ev sahibi kimi inkişaf etmiş və inkişafda olan ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək. Qeyd olunmuşdu ki, təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan, Avropa İttifaqının 10 üzv dövləti ilə enerji sazişləri imzalayan, Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edən Azərbaycan iqlim dəyişmələri məsələsində də fərqli ideologiyalara, siyasətə malik ölkələr arasında körpülərin salınmasında çoxtərəfliliyin tərəfdarı kimi yenə də etimadı doğruldacaq Belə də oldu. Sözünə imzası qədər dəyər verən Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan xalqı, bu işə məsul strukturlar COP29-a mütəşəkkilliklə hazırlaşaraq uğurla başa çatdırdılar. İlk gündən bu tədbirin Azərbaycanda keçirilməsinə mane olan, ölkəmiz əleyhinə təbliğat apararaq təxribat kampaniyasını genişləndirən Qərbin beynəlxalq hüquq normalarına zidd zorakılıq, təhdid, təzyiq siyasəti iflasa uğradı. Hələ də neokolonialist siyasətlərini, müstəmləkəçilik meyillərini davam etdirən Fransa, Almaniya kimi ermənipərəst dövlətlərin əmrə tabe olmayanlara tətbiq etdikləri «demokratiya dəyənəyi» , apardıqları «Kim güclüdür, o da haqlıdır»” prinsipi artıq öləziləməkdədir. Bu reallıq fəaliyyəti müddətində heç bir funksional mahiyyət daşımayan, təqaüdə göndərilən ATƏT-in Minsk qrupunun formal xarakterində də özünü göstərdi. Azərbaycana qarşı çirkin oyunlarını 30 ilə yaxın Minsk qrupunun çətiri altında həyata keçiriən , İkinci Qarabağ müharibəsindəki Zəfərimizi həzm edə bilməyən Qərb, bir çox xarici dairələr hələ də siyasi, iqtisadi , hərbi qüdrəti artan Azərbaycanın uğurları ilə razılaşa bilmirlər. Cənubi Qafqaz planları iflasa uğrayan, Ermənistanın oyuncaq rejimindən istifadə edərək bölgədə yeni müharibə təhlükəsi yaratmaq niyyətləri baş tutmayan Qərb rəsmi İrəvanı silahlandırmaqla təxribatlarını davam etdirir. Amma anti-Azərbaycan dairələr yaxşı bilirlər ki, suverenliyini bərpa edən, hərbi qüdrəti artan ölkəmizə qarşı birləşən qüvvələrin mənfur cəhdləri baş tutan deyil.

«Bu gün də bu davam edir. Ona görə yenə də deyirəm, çox sadə meyarlar var. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olub və kim bu gün yenidən separatçılara ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər?» sözləri ilə ölkəmizi təzyiq altında saxlamağa çalışanlara xəbərdarlıq edən Prezident İlham Əliyevin siyasi iradəsi qarşısında bu cür mənfur cəhdlərin baş tutmayacağını Ermənistan da , ağaları da yaxşı bilirlər.
 Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına mane olan Fransanın beynəlxalq katalizator rolunu təsdiqləmək üçün əlavə fakta ehtiyac yoxdur. Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən Qərbin Cənubi Qafqazda yaratdığı gərginlik qonşu Gürcüstanın simasında aydın görünür. Hadisələrin gedişi də göstərir ki, guya sülhə tərəfdar olan Ermənistan əslində sülh istəmir. Xarici havadarlarının göstərişlərinə sözsüz əməl edən Ermənistan vaxtı uzatmaqla hərbi potensialını gücləndirməyə çalışır. ABŞ-ın, bəzi Avropa ölkələrinin hərbçilərinin Ermənistan ordusunda təlimlər keçirmələri bölgədə sülhə xidmət etmir.

Prezident İlham Əliyevin «Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm yəni, asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib» sözləri diplomatiyamızın uğurları ilə barışmaq isəməyən dairələrə real cavabdır. COP29 kimi beynəlxalq mühüm əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi təklifinin 200-ə yaxın dövlət tərəfindən yekdilliklə qəbul edilmiəsi ölkəmizlə həmrəylik nümunəsidir.
Ev sahibliyi etdiyi bütün tədbirləri uğurla başa çatdıran, Qoşulmama Hərəkatı kimi sədrlik etdiyi digər təsisatlarda da həyata keçirdiyi yeniliklərlə tarixdə lider dövlət başçısı adını doğruldan Prezident İlham Əliyevin vurğuladığ kimi, Azərbaycanın ən nüfuzlu tədbirləri belə yüksək səviyyədə təşkil etmək bacarığı anti-Azərbaycan, ermənipərəst dairələrin niyyətlərini iflasa uğratdı. Tədbir iştirakçıları, beynəlxalq ictimaiyyət iki həftəyə yaxın davam edən iqlim müzakirələrinin aparıldığı Bakı konfransının möhtəşəmliyini, təşkilatçılıq səviyyəsini yüksək dəyərləndirdilər. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, COP29 iqlim diplomatiyası tarixinə dönüş nöqtəsi kimi yazıldı. COP29-da davam edən səmərəli və gərgin müzakirələrin ən çox yaddaqalan məsələsi bu konfransda COP İtki və Zərər Fondunun 10 ilə yaxındır müzakirə olunan karbon bazarına dair çoxdan gözlənilən Paris Sazişinin 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsi ilə bağlı müzakirələrin uğurla nəticələnməsi oldu. Azərbaycanın adı 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) həll olunduğu mərkəz kimi tarixə yazıldı. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə yol xəritəsi olacaq. COP-un Bakı tədbirində əvvəlki konfranslarda nəzərdə tutulduğundan üç dəfə çox maliyyə dəstəyinə nail olundu. COP platformasına uğurla ev sahibliyi etməklə qlobal məsələlərin müzakirəsində fəal iştirak edən, təşkilatçılığı ilə fərqlənən Azərbaycana təşəkkürünü bildirən BMT-nin Baş katibi Antonio Quterreş COP29 razılaşmasını iqlim dəyişikliyi ilə mübarizədə böyük uğur adlandırdı. Bakı konfransında illərdən bəri həllini gözləyən gələcək addımların təməlinin qoyulduğunu qeyd etdi. 76 min iştirakçının qeydiyyatdan keçməsi dünya iqlim konfranslarının tarixində yeni rekord olmaqla Azərbaycanın təhlükəsizlik adası olduğunu təsdiqldi.

Vətən müharibəsindən ötən qısa müddətdə ölkəmizin belə mühüm tədbiri yüksək səviyyədə keçirməsi Azərbaycanın dünyaya siyasi, iqtisadi, humanitar siyasətinin uğuru kimi təqdim olundu.

COP29-un Azərbaycanda uğurla başa çatacağını əvvəlcədən başa düşdüyü üçün ölkəmizə qarşı təxribatlarını gücləndirən Qərbin, o cümlədən Fransa və Almaniyanın niyyətləri də boşa çıxdı. COP29-da maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin keçməsinin əsas səbəbi isə Avropa İttifaqı (Aİ) təmsilçisinin iqlim məsələlərindən başqa hər şeylə məşğul olması idi. Ermənistandan sonra ölkəmizə gələn, Almaniyanın bədniyyətli xarici işlər naziri Annalena Berbokun sərsəmləmələri də uğurlarımıza kölgə sala bilmədi. Azərbaycana səfərinin həyat yoldaşından ayrıldığı məqama rast gəldiyi üçün şəxsi məsələlərini siyasətlə, vəzifə məsuliyyəti ilə qarşıdran xanım Berbok «ailəsində baş verən iqlim dəyişikliyi»nin fəsadlarını, əsəbini Azərbaycana qarşı əsassız ittihamları ilə yatırmağa çalışsa da bilməli idi ki, xalqımızın «bir molla, bir kəllə kənd, üç manat pul» ənənələrinin vaxtı çoxdan arxada qalıb. Bəşəriyyətin xilası üçün müzakirə olunan Bakı konfransında erməni havadarı kimi çıxış edən Berbokun bu hərəkəti hər şeydən əvvəl özünü guya Ermənistanla Azərbaycan arasında barışdırıcı kimi tanıtmağa çalışan ölkəsinin imciniə zərbə oldu.

Bütün tədbir iştirakçıları Prezident İlham Əliyevin «Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək» sözlərini dəstəklədilər. Ölkəmizin siyasi, iqtisadi və sosial inkişaf modelini COP29-da uğurla təqdim edən dövlət başçımız İlham Əliyevin «Yaşıl dünya naminə həmrəylik!» çağırışı bəd niyyətlərin qarşısında «qırmızı işıq» oldu. Eyni mənbədən qaynaqlanan, planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. İnkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarının nəzərə alınması üçün aparılan müzakirələrdə Azərbaycanın qarşılıqlı əməkdaşlığa, təhlükəsiz dünya, sağlam insan naminə təşəbbüslərinin, çağırışlarının yekdilliklə qəbul edilməsi bəşəriyyətin xilas yolu kimi dəstəkləndi. Azərbaycan növbəti dəfə ölkələr arasında körpü rolunu uğurla başa çatdırdı. Bakı COP-u 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. COP29-da Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirilərək inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəfə nail olundu. Bakı Maliyyə Məqsədi və 6-cı maddə ilə birlikdə investisiyaları inkişaf etməkdə olan dünyaya yönləndirməklə qlobal iqlim maliyyəsi arxitekturasını həmişəlik dəyişəcək. COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Bu nailiyyətlər çoxtərəfli iqlim fəaliyyətində ən mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün Azərbaycan Sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının nəticəsidir. İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsünün nəticəsi olaraq İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı. Aqrar, turizm sahələrini əhatə edən bəyənnamələr qəbul olundu. ABŞ, Çin, Aİ, BƏƏ, Böyük Britaniya, Braziliya, Kanada və Nigeriya daxil olmaqla, ölkələr bir araya gələrək və orqanik tullantılardan metanın azaldılmasına yönəlmiş siyasət qəbul etdiklərini açıqladılar. Kiçik Ada Dövlətlərinin (SIDS) iştirakı ilə keçirilən panel sessiyalarında müstəmləkəçilik, Fransanın kolonialist siyasəti ciddi tənqid olundu. XXI əsrdə insanların əsarət altında saxlanılması, təbii sərvətlərinin istismar və talan edilməsi ciddi şəkildə pislənildi. Azərbaycanla yanaşı Andorra, Almaniya, Qayana, Yaponiya, Qazaxıstan, Maldiv adaları, Niderland, Panama, Sinqapur, İspaniya, Türkiyə və Avropa İttifaqı İkiillik Şəffaflıq Hesabatlarını təqdim etdilər. COP29-un davam etdiyi müddətdə beynəlxalq ictimaiyyətə Bakıdan ünvanlanan çağırışlar, əldə olunan razılaşmalar iqlim dəyişikliyi üzrə növbəti konfransa ev sahibliyi edəcək Braziliya üçün təməl olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
34
ikisahil.az

1Mənbələr