AZ

Dəmir yollarının iqlim öhdəliyi

Azərbaycan 2030-cu ilə qədər dəmir yolunda karbon emissiyasını tam minimallaşdırmağı hədəfləyib

Qlobal iqlim böhranı və artan ekoloji tələblər dayanıqlı nəqliyyat sisteminin yaradılmasını da aktuallaşdırır. Hazırda dünya üzrə karbon qazı emissiyasının 24 faizi nəqliyyat sisteminin payına düşür. Ona görə də, nəqliyyatın de-karbonizasiyası COP ailəsinin əsas diqqət mərkəzində dayanan məsələlərdən biridir. Nəqliyyatın ənənəvi yanacaqdan imtina edərək ekoloji təmiz enerjiyə keçidində ölkələr öz təcrübə və texnoloji imkanlarını bölüşür, bir-birinə yardım etməyə çalışır. COP29 çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) birgə təşkilatçılığı ilə keçirilən “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbirin də əsas məqsədi iqlim dəyişikliklərinə qarşı mübarizədə müxtəlif ölkələri nəqliyyatın, o cümlədən dəmiryol şəbəkəsinin karbon emissiyasının azaldılmasında rolunu artırmağa dəvət etmək olub. ADY ilə UIC arasında imzalanan “Dəmir yollarının iqlim öhdəliyi” sənədi isə ölkəmizin qlobal iqlim çağırışlarından irəli gələn həll yollarında iştirakının artırılmasını nəzərdə tutur.

Dəmir yolu karbon emissiyasında ən az paya malik sektordur

Tədbirdə vurğulandığı kimi dəmir yolu karbon emissiyalarının azaldılması və təmiz enerjiyə keçiddə ən mühüm nəqliyyat platformalarından biridir. Eyni zamanda, bu nəqliyyat sektoru enerjiyə qənaət edən sahə kimi diqqəti cəlb edir. Dəmir yolu nəqliyyatı digər nəqliyyat vasitələri ilə müqayisədə xeyli az karbon emissiya edir və ekoloji təmiz nəqliyyat vasitəsi hesab edilir. Belə ki, sərnişin qatarı hər kilometrə 14 qram karbon buraxdığı halda, digər nəqliyyat növləri bundan 10-20 dəfə çox karbon qazı emissiya edir. Bundan əlavə, dəmir yolu infrastrukturunun inkişafı nəqliyyat sıxlığını azaltmağa kömək edir ki, bu da öz növbəsində karbon qazı tullantılarının azaldılmasına gətirib çıxarır.

Ekoloji təmiz nəqliyyat infrastrukturunun yaradılması təşəbbüsləri Azərbaycanın dəmir yolu administrasiyasının da gündəliyində başlıca yer tutur. Ölkəmiz 2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olaraq bu istiqamətdə beynəlxalq tərəfdaşlarla birgə mübadilələrə xüsusi yer ayırıb, dəmir yolunda müvafiq diaqnostikanı aparıb və nəticələri əks etdirən “Dayanıqlılıq hesabatı”  hazırlayaraq təqdim edib. Eləcə də, hökumətin məqsədyönlü proqramları çərçivəsində yaşıl ekosistemin qurulmasını gücləndirib. Bu tədbirlər dəmir yolu nəqliyyatının enerji səmərəliliyində rolunu artırıb, eyni zamanda, emissiyalarda payını xeyli azaldıb. Dəmiryol şəbəkəsinin 63 faizi elektrikləşdirilib və bərpaolunan enerjinin potensialından geniş istifadə edilib. 2023-cü ildən etibarən ADY enerji istehlakını 5 faiz, təbii qaz istehlakını 16 faiz, su sərfiyyatını 23 faiz, karbon emissiyasını isə 9 faiz azaltmağa müvəffəq olub. Hazırda bu nəqliyyat sektorunun ölkə üzrə ümumi enerji istehlakında payı 0,12 faiz təşkil edir, istilik effekti yaradan qazların emissiyasının isə 0,5 faizdən az hissəsi bu sahənin payına düşür. Azərbaycanın dəmir yolu nəqliyyatının qlobal emissiyada payı isə 0,1 faizdir.

Ancaq buna baxmayaraq, qlobal iqlim alyansının fəal üzvü olan Azərbaycan öz nəqliyyat infrastrukturlarını “yaşıllaşdırır” və nəqliyyatın bütün seqmentlərində karbon emissiyalarını minimallaşdırmağa çalışır. Məhz bu strategiyaya əsasən, aşağı karbonlu neytral dəmir yolu nəqliyyat sistemi qurulması hədəflənib. Dəmir yolu nəqliyyatı “yaşıl hədəf”lərə uyğun olaraq infrastrukturların rəqəmsallaşdırılması, infrastrukturların tamamilə elektronlaşdırılması qarşıda duran əsas çağırışlardır. ADY-nin 2030-cu ilə qədər strategiyasında “yaşıl maliyyələşmə” imkanlarından istifadə etməklə dayanıqlılıq layihələrinin icrasının daha da artırılması və karbon emissiyasının tam minimallaşdırılması nəzərdə tutulur.

Çin və Türk dövlətləri ilə “yaşıl nəqliyyat” əməkdaşlığı

Qeyd edək ki, COP29 sessiyası çərçivəsində keçirilən digər panel iclaslarında və görüşlərdə də Azərbaycanın strateji nəqliyyat, o cümlədən dəmir yolu tranzitlərində mühüm rolu və mövqeyinə diqqət çəkilib. Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Çin və digər ölkələrin təmsilçiləri ilə aparılan çoxsaylı diskussiyalarda beynəlxalq əməkdaşlığın artırılması, xüsusilə də, Orta Dəhliz üzərində infrastrukturların əlaqələndirilməsi və rəqəmsal texnologiyaların tətbiqi yolu ilə səmərəliliyin yaxşılaşdırılması, təmiz ekoloji nəqliyyat şəbəkələrinin yaradılması məsələləri müzakirə olunub. Azərbaycanın strateji coğrafi mövqeyi və nəqliyyat-tranzit dəhlizlərinin şaxələndirilməsində xüsusi təşəbbüskarlığı yüksək qiymətləndirilərək Orta Dəhlizin “yaşıl koridor”a çevrilməsi istiqamətində atdığı addımların əhəmiyyəti vurğulanıb. Özbəkistan və Qazaxıstan bu sahədə birgə mübadilənin inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Asiya Bankından “yaşıl nəqliyyat” quruculuğuna dəstək

Qeyd edək ki, xarici maliyyə institutları da Azərbaycana “yaşıl dəmir yolu” seqmentində dəstək vermək niyyətindədir. Məsələn, Asiya İnkişaf Bankının (AİB) nəqliyyat sektoru ofis sektorları qrupunun direktoru Ceymi Lezer bildirib ki, bank Azərbaycanın dəmir yolunun müasir texnologiyaların tətbiqində dəstəkləyici missiyasını göstərəcək. Ötən illər ərzində dəmir yolu infrastrukturunun müasirləşdirilməsində aparıcı donor kimi yer alan AİB Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına 150 milyon dollar kredit ayırıb, dəmir yolu sektorunun maliyyə davamlılığının artırılması üzrə həyata keçirilən islahatların dəstəklənməsi məqsədilə 2017-ci ildə bank tərəfindən “Dəmir yolu sektorunun inkişafı proqramı” çərçivəsində 250 milyon dollar məbləğində krediti təmin edib.

Hazırda Azərbaycanın dəmir yolu sektorunda de-karbonizasiya ilə bağlı təşəbbüslərə qoşulan Asiya Bankı ötən ay COP29 ərəfəsində keçirilən görüşlərdə “Gələcək üçün dayanıqlı nəqliyyat” proqramı üzrə ölkəmizlə əməkdaşlığa dair memorandum imzalayıb. Sənəd nəqliyyat sisteminin ekoloji tələbatlara uyğunlaşdırılması, dəmir yolunun enerji səmərəliliyinin artırılması və “yaşıl nəqliyyat” sahələrində yeni baxışları əks etdirir. Bu anlaşmaya əsasən, AİB “Şimal-Cənub” və Orta Dəhliz çərçivəsində dəmir yolu sektorunda infrastrukturların rəqəmsallaşdırılması və “yaşıl tranzit” prinsiplərinin tətbiqində ölkəmizə zəruri maliyyə dəstəyini göstərəcək.

Dəmir yolu nəqliyyatı “yaşıl hədəf”lərə uyğun olaraq infrastrukturların rəqəmsallaşdırılması, infrastrukturların tamamilə elektronlaşdırılması qarşıda duran əsas çağırışlardır. ADY-nin 2030-cu ilə qədər strategiyasında “yaşıl maliyyələşmə” imkanlarından istifadə etməklə dayanıqlılıq layihələrinin icrasının daha da artırılması və karbon emissiyasının tam minimallaşdırılması nəzərdə tutulur.

Qlobal iqlim alyansının fəal üzvü olan Azərbaycan öz nəqliyyat infrastrukturlarını “yaşıllaşdırır” və nəqliyyatın bütün seqmentlərində karbon emissiyalarını minimallaşdırmağa çalışır. Məhz bu strategiyaya əsasən, aşağı karbonlu neytral dəmir yolu nəqliyyat sisteminin qurulması hədəflənib. Dəmir yolu nəqliyyatı “yaşıl hədəf”lərə uyğun olaraq infrastrukturların rəqəmsallaşdırılması, infrastrukturların tamamilə elektronlaşdırılması qarşıda duran əsas çağırışlardır.

E.CƏFƏRLİ

Seçilən
16
yeniazerbaycan.com

1Mənbələr