AZ

İrəvanın anti-Rusiya status-kvosu və səfir Kopırkinin ümidi

Ermənistan hara, Avrasiya təhlükəsizlik sistemi hara?

Rusiya Ermənistanın Avrasiyada vahid və bölünməz təhlükəsizlik sisteminin inkişafında iştirakına ümidlidir. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində bildirib. Səfirin sözlərinə görə, sözügedən ideya bu il iyunun 14-də Prezident Vladimir Putin tərəfindən irəli sürülüb, ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə və Kazanda keçirilmiş son BRICS sammiti zamanı yenidən dilə gətirilib.

Əslində, Avrasiyada vahid və bölünməz təhlükəsizlik sistemi ideyası, kifayət qədər, böyük anlayışdır və heç şübhəsiz, Rusiyanın təkqütblü dünya düzəninə, o cümlədən, ABŞ başda olmaqla, kollektiv Qərbə qarşı irəli sürdürüyü müqavimətin vacib platformasıdır. Səfir Kopırkin məsələnin üzərinə gəlirsə, düşünmək mümkündür ki, rəsmi Moskva İrəvandan mövqeyini müəyyənləşdirmək xüsusunda seçim gözləyir. Belədə sual yaranır, Qərbpərəst Ermənistan Rusiyanın düşərgəsində təmsilçiliyə razılıq verəcəkmi?

Suala cavab vermək üçün Moskva–İrəvan münasibətlərindəki hazırkı trayektoriyanın üzərində dayanmağa ehtiyac var. Nəzərə alaq ki, bu trayektoriya üzrə iki məqam səciyyəvidir. Birincisi, Ermənistanla Kremlin hakim mövqe tutduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münasibətləri, ikincisi, Moskvanın Azərbaycan-Ermənistan nizamlamasında iştirakı.

Doğrudur, Ermənistan Rusiyanın başlıca rol oynadığı Avrasiya İqstisadi İttifaqı ilə münasibətlərini rəvan saxlamaqdadır. Ancaq eyni sözü KTMT müstəvisində demək mümkünsüzdür. İrəvanın sözügedən qurumla münasibətləri kəskindir. Baxmayaraq ki, təşkilata üzvlükdən rəsmən imtina etmir. Əlbəttə, erməni rəsmiləri, sanki, bəhanə axtarır, istəyirlər ki, KTMT, faktiki olaraq, üzvlük öhdəliklərini yerinə yetirməyən Ermənistana münasibətdə sərt addımları işə salsın. Amma qurumun rəhbərliyindəkilər səbrlidirlər. Yəni, Rusiya təmkinli davranır, körpüləri yandırmağa tələsmir.

Ermənistan–KTMT müstəvisindəki ziddiyyətlər özünü 2022-ci ildən göstərməyə başlayıb. İrəvan təşkilatın Azərbaycanın təcavüzkarlıq kimi qiymətləndirdiyi hərəkətlərinə hüquqi-siyasi qiymət verməsini istəyib, lakin bu alınmayıb. Məsələ ondadır ki, Ermənistan KTMT-nin timsalında Rusiyanın Azərbaycana qarşı çıxmasına çalışıb. Amma buna qarşılıq heç bir addım atmaq niyyətində olmayıb. O zaman sual yaranır: Rusiya nə üçün üzünü tam şəkildə Qərbə çevirmiş Ermənistana görə Azərbaycanla münasibətlərin kəskinləşməsinə getməlidir?

Əlbəttə, söhbət heç də onda deyil ki, əgər Ermənistan Rusiyanın orbitinə qayıtsa, ikinci birincinin Azərbaycanla ədavətində açıq tərəf qismində çıxış edəcək. Hər bir halda, Moskva İrəvan üçün nələrisə edə bilər. İndiki durumda isə bu, mümkünsüz kimi görünür. Halbuki, şanslar var idi. Şanslardan söz düşmüşkən, Ermənistan-Rusiya ziddiyyətlərinin səbəb tyaketoriyasını müəyyənləşdirən daha bir cəhətə keçid almazdan əvvəl deyək ki, İrəvan hazırda KTMT-nin tədbirlərinə qatılmır, haqqında söz açdığımız mövqeyini çox aydın və nümayişkəranə şəkildə göstərir. İrəvan, həmçinin KTMT-yə qarşı qurumun Ermənistandakı səlahiyyət dairəsini müəyyənləşdirməsi kimi aşağılayıcı ton seçir. Erməni rəsmiləri bunun baş verməyəcəyi təqdirdə münasibətləri qaydaya salmayacaqlarını vurğulayırlar.

Qeyd edək ki, noyabrın 28-də Astanada KTMT-nin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası, eləcə də KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçiriləcək. Tədbirlərdə kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyətə dair fikir mübadiləsi, qurum çərçivəsində əməkdaşlığın nəticələrinin və kollektiv təhlükəsizlik sisteminin gələcək inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Habelə, toplantılarda İkinci Dünya müharibəsində Qələbənin 80 illik yubileyinin birgə qeyd edilməsinə hazırlıq məsələlərinə də xüsusi diqqət yetiriləcəyi aydındır. Rusiya Prezidenti V.Putinin noyabrın sonunda Qazaxıstana səfər edəcəyi rəsmən təsdiqlənib. Ermənistan baş nazirinin Astanaya gedib-getməyəcəyi ilə bağlı suala gəldikdə, onun mətbuat xidmətinin cavabı belədir: “Baş nazirin bütün səfərləri barədə vaxtında məlumat verilir”.

***

Ermənistan-Rusiya ziddiyyətlərinin ikinci qütbünü bilavasitə Kremlin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimləməsindəki mövqeyi təşkil etməkdədir. Bəli, hazırda Bakı-İrəvan tənzimləməsində vasitəçilik institutu işlək deyil. Amma zamanında Moskva bu baxımdan öndə idi. Ermənistan Qərbi mövcud trayektoriyada əsas fiqura çevirmək istədi və əməlini Rusiyanın roluna zərbə vurmaqla reallaşdırdı. Deməli, hazırda səfir Kopırkin, əslində, olmayan məsələdən söz açır. Ancaq bir qədər fərqli şəkildə. Hiss olunur ki, elçinin münasibəti də ölkəsini vasitəçi ampluasında göstərməkdən uzaqdır.

Beləliklə, Rusiyanın Ermənistandakı səfiri deyir ki, Moskva Bakı ilə İrəvan arasında davamlı sülhün tezliklə bərqərar olmasında maraqlıdır. Söhbət sülh müqaviləsinin imzalanmasından gedir. “Region üçün taleyüklü olan bu sənədin, tərəflərdən heç biri üçün “acı dad” vermədən, bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanması vacibdir. Biz aydın görürük ki, İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq, SSRİ-nin dağılmasından sonrakı və əvvəlki hadisələri nəzərə alsaq, çətin və vaxt aparan prosesdir”, – deyən Kopırkin onu da bildirir ki, Kreml Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli sazişlər toplusunun ruhuna uyğun olaraq, ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlara yardım göstərməyə hazırdır. Yardımın formaları və həcmini isə danışıq aparan tərəflər özləri seçməlidirlər: “Bu baxımdan biz şadıq ki, oktyabrın 24-də Kazanda keçirilən BRICS sammitində Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə məhsuldar təmaslar olub və bu, münasibətlərin normallaşması üzrə dialoqa faydalı təkan verməyə imkan verib”.

Bəli, Ermənistan rəhbərliyi Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Kazanda BRICS sammiti zamanı yaranmış təmasın faydaları üzərində dayanır. Amma bu təmas, heç bir halda, Rusiyanın vasitəçiliyi kontekstində dəyərləndirilmir. O ki qaldı, üçtərəfli bəyanatlar sisteminin icrasına, hazırda İrəvan əvvəllər olduğu kimi buna qarşıdır. Ayrıca, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinin icrasından yayındığını vurğulamalıyıq. Xatırladaq ki, sözügedən bənddə İrəvanın Naxçıvana yol xüsusunda üzərinə götürdüyü maneəsiz keçidi təmin etmək öhdəliyi yer alıb və həmin yolda təhlükəsizliyin Rusiya Federal Təhlükəsizlik Xidmətinin təmin edəcəyi bildirilib. Ermənistan nəinki bu müddəanı danır, ümumən, son durum belədir ki, ölkədəki rus hərbi mövcudluğu tam şəkildə tarix olmağa yaxındır. Daha dəqiq desək, 2025-ci ilin yanvarında rus hərbi kontingentinin Ermənistandan tamamilə çıxması məsələsi var. Ümumən, Moskva-İrəvan münasibətlərində hansısa müsbət impuls yoxdur. Deməli, səfir Kopırkinin Ermənistanın Avrasiyada vahid və bölünməz təhlükəsizlik sisteminin inkişafında iştirakına ümid bəsləməsi bir o qədər yerinə düşmür.

Ə.RÜSTƏMOV
XQ

Seçilən
20
xalqqazeti.az

1Mənbələr