AZ

Fransa səfirinin siyasi hoqqabazlığı

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini vaxtaşırı Azərbaycanla bağlı hansısa xoşagəlməz addımlar atmaqdadır. Ölkəmizin əleyhinə açıqlamalar vermək, qara yaxmaq Dekotininin, necə deyərlər, həyat amalına çevrilib. Halbuki, fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malik olan bu şəxsin vəzifəsi üçüncü ölkələrə qarşı fəaliyyət aparmaq yox, Fransa–Ermənistan münasibətlərinin inkişafı üçün çalışmaqdan ibarət olmalıdır. Görünür, səfir Azərbaycan əleyhinə fəaliyyəti Paris–İrəvan əlaqələrinin inkişafına mühüm töhfə hesab edir.

Dekotini noyabrın 24-də “X” platformasındakı hesabında İran ərazisində yerləşən Qərbi Azərbaycan ostanının (əyalət) xəritəsini yerləşdirib. Səfirin xəritəni “Tək və yeganə” sözləri ilə paylaşması diqqəti cəlb edir. Qeyd etdiyimiz kimi, Azərbaycana qarşı bütün platformalarda anti-təbliğat aparan diplomat bu paylaşımla da Vətən müharibəsindən sonra ölkəmizdə xüsusi intişar tapan Qərbi Azərbaycana qayıdış ideyasına, ümumiyyətlə, bu sözə qarşı çıxdığını nümayiş etdirib. Bizim daşdan keçən arqumentlərimizə qarşı öz aləmində əks arqumentlər irəli sürən Dekotini demək istəyib ki, Qərbi Azərbaycan yalnız İrandadır.

Səfirin diqqətinə çatdırmaq istərdik ki, Qərbi Azərbaycan sözü tarixən Azərbaycan Respublikasının qərbində yerləşən coğrafi ərazini müəyyən etmək üçün işlədilib. Bura ölkəmizin İrəvan şəhəri, Göyçə, Vedi, Zəngəzur, Zəngibasar, Şörəyel, Dərələyəz kimi tarixi mahalları daxildir. Əsrlər boyunca geniş ərazilərə malik Azərbaycan torpaqlarını adlandırmaq üçün şimal, cənub, şərq və qərb kimi coğrafi cəhətlərdən istifadə edilib. Bu ərazilərin Ermənistan adlanan dövlətə verilməsinin tarixi qədim dövrlərə gedib çıxmır. İrəvan şəhəri 1918-ci ilin mayında ermənilərə güzəştə gedilib. Zəngəzur qəzası isə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər tərəfindən yeni yaradılmış Ermənistana bağışlanıb.

Yeri gəlmişkən qeyd edək ki, İrəvanın və Zəngəzurun ermənilərə verilməsi ilə bağlı fikirlərini vaxtaşırı Prezident İlham Əliyev də açıqlayır. Dövlətimizin başçısı həmin hadisələrin baş verməsini bağışlanılmaz səhv, xəyanət adlandırır, bu hadisələrin sonrakı bəlalarımızda başlıca rol oynadığını, Azərbaycanın digər bölgələri ilə Naxçıvanın və Türkiyənin, bütövlükdə, Türk dünyasının quru əlaqəsinin kəsildiyini bildirir. Prezident 2021-ci il aprelin 13-də

ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bu barədə demişdir: “Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir – 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım...”

Cənab İlham Əliyev bildirmişdi ki, bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir: “Bilmirəm bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik. Bir daha bu suala görə təşəkkür edirəm. Bu sual məsələyə aydınlıq gətirməyə və öz mövqeyimi ortaya qoymağa imkan yaratdı. Biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur”.

Səfirin diqqətinə onu da çatdırmaq istərdik ki, İrandakı Qərbi Azərbaycan ostanı isə Güney Azərbaycan ərazisinin 6 ostana bölünməsi nəticəsində yaradılmışdır.

Qeyd etdiyimiz kimi, Qərbi Azərbaycan ideyası Vətən müharibəsinin başa çatmasından sonra daha geniş intişar tapıb. Fransa səfiri isə indiyədək verdiyi müsahibələrdə və etdiyi paylaşımlarında Ermənistan–Azərbaycan münasibətləri, Qarabağ erməniləri və sair kimi bir çox məsələlərə münasibət bildirsə də, Qərbi Azərbaycan məsələsinə toxunmamışdı. Səfirin belə bir təxribatçı paylaşım etməsi təəccüblü olmadığı kimi, onun noyabrın 24-də baş verməsi də təsadüfi deyil. Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan noyabrın 22-də Ermənistanın ictimai televiziyasına müsahibəsində azərbaycanlıların Qərbi Azərbaycana qayıdış ideyası və ermənilərin “Qərbi Ermənistan” hərəkatı məsələsinə münasibətini açıqlamışdı. Qeyd etmişdi ki, “Qərbi Ermənistan” hərəkatının hüquqi məntiqi yoxdur. Bildirmişdi ki, azərbaycanlıların öz yurd-yuvalarına qayıdışı beynəlxalq hüquqda qaçqın təsnifatına uyğundur, ermənilərin “Qərbi Ermənistan” hərəkatı isə birbaşa Türkiyəyə ərazi iddiasıdır. Onun apardığı paralellik Qərbi Azərbaycan ideyasını qayıdış hüququ, “Qərbi Ermənistan” hərəkatının isə ərazi iddiası olduğunu göstərirdi. Beləliklə, Paşinyan hayları bir növ, ərazi iddialarından imtina etməyə çağırırdı.

Paşinyanın bu fikirləri ölkəsində ciddi müzakirələrə səbəb olmuş və əleyhdarları onu “növbəti xəyanət”də, rəsmi Bakının Qərbi Azərbaycana qayıdış konsepsiyasını legitimləşdirməkdə ittiham etmişdilər. Bu mənada, səfir O.Dekotininin Qərbi Azərbaycan paylaşımı həm də rəsmi Parisin bu məsələdə Paşinyan iqtidarı ilə eyni mövqeyi bölüşmədiyinin göstəricisi kimi qəbul olunmalıdır. Səfir “siyasi jonqlyorluq” edərək, Paşinyanı gələcəkdə bu cür açıqlamalar verməkdən çəkindirmək, ümumiyyətlə, mövqeyini dəyişdirmək istəyini ortaya qoyur.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov XQ-yə açıqlamasında bildirdi ki, Fransanın Errmənistandakı səfiri bununla bizə dərs keçməyə çalışır. Onun sözlərinə görə, guya, Qərbi Azərbaycan bizim nəzərdə tutduğumuz tarixi-coğrafi ərazi deyil, indiki İran İslam Respublikasının ərazisində yerləşən bir əyalətdir: “Yüz minlərlə azərbaycanlı öz dədə-baba torpağından qovularaq çıxarılıb, qaçqın həyatı yaşamağa məcbur edilib. Özü də bu proses bir yox, bir neçə dəfə baş verib. Bu hadisə bütün dünyanın gözləri önündə baş verib. Səfirin paylaşımından isə bu qənaətə gəlmək olur ki, guya, biz bunu bilmirik. Ermənistan ərazisinə dünən qədəm qoymuş bir fransız isə bizə dərs keçməyə cəhd edir. Əslində, o torpaqlar da birmənalı olaraq bizimdir”.

A.İsgəndərovun fikrincə, fransız siyasətçilər 30 il ərzində göstərdilər ki, onlarda ədalət deyilən bir hiss yoxdur. Onlar sübut etdilər ki, haqqın nə olduğunu bilmirlər: “Onlar qəlblərində erməni məhəbbəti gəzdirirlər. Erməni məhəbbəti də onların gözlərini kor edib. Bununla da dünyanın gözündən düşüblər və ilk növbədə, azərbaycanlıların nifrətini qazanıblar. Elə bu səfirin, görəsən, doğrudanmı gözləri görmür?! Məncə, görür, amma görmək istəmir. Əgər o, ermənilərin 30 il ərzində törətdikləri vandallıqları görmürsə, o zaman bu düşüncədə olan fransızlar barədə nə demək olar?! Amma cənab səfirə demək istəyirəm ki, mən də orta məktəbdə fransız dilində təhsil almışam. Əgər imkanı olsaydı, neytral bir ölkədə görüşərdik və mən ona bu dərsi keçərdim. Azərbaycan deyiləndə hara nəzərdə tutulur, İran İslam Respublikası haradır və Qərbi Azərbaycan deyiləndə nədən söhbət gedir. Nə edək, mənim də müəllim kimi borcum, işim öyrətməkdir. Bəlkə bir fransızı haqq yoluna gətirə bildik. O da bundan sonra, bəlkə ədalətli ola. Amma, gərək ağlı yerində və bəsirət gözü açıq ola”.

Səxavət HƏMİD
XQ

Seçilən
13
xalqqazeti.az

1Mənbələr