Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 14-cü turu çərçivəsində baş tutan Luqansk “Zarya”sı ilə matçın iştirakçısı olub.
“Polesye” bu rəqiblə doğma meydanda qarşılaşıb. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər – 1:1.
Mustafayev bu görüşün 74-cü dəqiqəsində meydana buraxılıb. Emilin komandası cavab qolunu məhz o meydana çıxdıqdan sonra (85-ci dəqiqədə) vurub.
Qeyd edək ki, bu, “Polesye”nin 2024/2025-ci illər mövsümündəki beşinci heç-heçəsidir. Sözügedən komanda 5 turdur qələbəyə həsrətdir. Futbolçumuzun komandası bu müddətdə 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 32 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.
Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.
Bu mövsüm keçirdiyi 13 oyuna 23 xal toplamış “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 4-cü yerdə qərarlaşıb. Emilin komandası 6 qələbə qazanıb, 5 heç-heçə edib və 2 məğlubiyyətlə üzləşib.