AZ

Vərəqlər...

Hekayə

Həyatım bir kitab kimi cırılıb yerə tökülərsə hansı vərəqdən toplamağa başlayacağımı bilmərəm. Bu cırılmış vərəqlərdə bir ömrün xəyalları və xatirələri var. Xəyallarmı çoxdur ya xatirələr ?!

Bu cırılmış vərəqlər uşaqlığımın, yeniyetməliyimin acı xatirələri ilə doludur. On yaşımda 20 Yanvar hadisələri zamanı rus əsgərlərinin əlindəki qalxanlar da bu vərəqləri xatırladır, Xocalı faciəsində yerə tökülmüş insan cəsədləri isə hərəsi bir kitab ola bilərdi. Ömrünü başa vurmamış yaşlılar, böyüməmiş uşaqlar, evlənməmiş gənclərin və üzə çıxmamış istedadlı insan hekayələrindən ibarət kitablar...

Anam dəfələrlə atamın evə gec gəlməsinə etiraz olaraq ən sevdiyi kostyumlarını iri su dolu vannaya tökərdi. Bu kostyumların cibindən atamın gizlətdiyi pullar suyun üzünə çıxıb xoşbəxtcəsinə üzürdü. Bizim evin ən xoşbəxt sakini bu pullar, bir də məhəllədəki tumsatan qadının bürmələyib düzəltdiyi vərəqlər idi. Bu vərəqlər də bizim evdən gedirdi. Bu vərəqləri  əldə etmək üçün insafən bu qadın çox əziyyət çəkirdi. Hərdən anamı söhbətə tutub kişilərin arxasıca o ki var danışırdı. O məhəllədə hansı evin sakininə nə demək lazım idi yaxsı bilirdi. Söz arası sizin eviniz alim evidir, kitab çox olar, lazımsız kitablardan ver tum tökəcəm, sonda bir yersiz xitab da işlədirdi: ver qadan alımmmm... Anam özünü öyərək, əlbəttə doludur ev kitabla, o biri kitablardan azdı, elə müəllimin öz kitablarından verərəm, yeni nəşr etdirib sayı çoxdu. Sovet höküməti dağılandan sonra Leninin, Marksın kitablarının sarı vərəqlərini çox görmüşdüm tum, fıstıq satanların qopuq-qopuq çuğun qablarının qıraqlarında, amma bir gün atamın kitablarının vərəqlərinə rast gələcəyimə inanmazdım.

Kasıb evlərin boz rəngli siferləri, bu evlərdən asılan qara-qura paltarlar da, nədənsə cırılmış kitab vərəqlərini xatırladıb mənə həmişə. Uzaqdan kirayə evlər verilən məhəllələrə baxanda  toylarda şabaş kimi tökülən ucuz pullara bənzəyir. Bir gün bir ayaqüstü əlində çubuq gələcək yeri alacaq bu insanlar da töküləcək küçələrə. Yerində tikilən binaların, geniş pəncərələrindən xoşbəxtlik axtaran insanlar boylanacaq. Hansı ki, kitablarda olmayan həyat hekayələri mənəvi dəyərlər yaşanırdı bu evlərdə. Bu insanların taleyini bir sevinc ümumiləşdirirdi: zəhmət. Burda böyüyən oğlanların çoxu hərbiçi qızları müəllim, alim kimi yetişdi.  Elə alim ki, hətta onlardan bəzisi alimlərin yataqxanasında yerləşdı. Bura elə bir ev idi ki, bilmirsən işdəsən ya evdə. İş yoldaşların qonşuların, olduğu üçün ev də, iş də idarəni xatırladır. Bu evlər cəmi bir otaqdan, bu otaqların yarısı isə üst-üstə yığılmış kitablardan ibarətdir. Zaman keçdikcə burada insan özü də bir maklaturaya çevrilir. Buranın nəmişliyi isə kitabdan çox uzun illər odun xarasının aralarında qalmış mamır ətrini verir. Burada divarlar kif atır, əşyalar çürüyür, bəzi sakinlər isə öz evləri olduğu halda gəlib bu otaqlarda meşədə ağacların kökünə yapışan göbələk kimi bitir. Nə vaxtsa bu biçarələrə ev veriləndə bu göbələklərə də pay düşsün. Bu göbələklər isə nəmişlikdən yazısı silinmiş cırıq kitab vərəqlərini xatırladır.

Həyatım bir kitab kimi cırılıb yerə tökülərsə hansı vərəqdən toplamağa başlayacağımı düşünsəm: qəlbimdə uzun illər müsafirlikdən ev yiyəsinə dönən yaşamadığım arzularım yazılanlar olar...                                               

  Fidan Abdurəhmanova

                                                                    filologiya üzrə fəlsəfə doktoru, dosent

Seçilən
34
adalet.az

1Mənbələr