Rusiya ordusunun nüvə silahları olan bazasında xidmət edən hərbi qulluqçu ölkədən qaçıb.
Modern.az-ın məlumatına görə, o, nüvə bazasında yaşananları BBC-yə danışıb.
Adı açıqlanmayan hərbi qulluqçu bildirib ki, Rusiya və Ukrayna arasında müharibə başlayan gün nüvə silahlarının yerləşdirildiyi hərbi bazada xidmət edirdi. O, müharibənin rəsmi olaraq başladığı gün bazanın döyüş xəbərdarlığına keçdiyini bildirib. "Əvvəllər biz ancaq məşq edirdik. Müharibə başlayan gün bütün silahlar hazır idi. Biz öz gücümüzü dənizə, havaya göndərməyə və kağız üzərində nüvə hücumu etməyə hazır idik" hərbçi qeyd edib.
Qeyd edək ki, müharibənin başlamasından 3 gün sonra Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə silahlarının ən yüksək hazırlıq səviyyəsinə qaldırdıqlarını bildirib. Rus hərbçi isə bu səviyyənin müharibənin ilk günündə qüvvədə olduğunu qeyd edib.
"Baxdığımız tək şey Rusiya dövlət televiziyası idi. Bütün bunların nə demək olduğunu tam dərk etmirdim. Mən avtomatik olaraq öz vəzifələrimi yerinə yetirirdim. Biz müharibəyə girmirdik, sadəcə, nüvə silahlarını qoruyurduq", - hərbçi qeyd edib.
O deyir ki, iki və ya üç həftədən sonra xəbərdarlıq səviyyəsi aşağı salınıb. Rus hərbi qulluqçunun sözlərinə görə, bazada xidmət edən əsgərlərin hamısı peşəkardır: "Burada sıravi əsgər yoxdur. Əsgərlər diqqətlə seçilir. Daimi müşahidə var, yalan detektoru ilə hamını sınaqdan keçirirlər. Oradakılar nüvə hücumunu dəf etmək və ya hücumu həyata keçirməkdən məsuldurlar. Tabeliyimdəki əsgərlərin bazaya telefon gətirməməsinə nəzarət edirdim. Biz qapalı idik, yad adamlar yox idi. Əgər ailənizin sizə baş çəkməsini istəyirsinizsə, üç ay öncədən kəşfiyyata müraciət etməli idiniz".
Hərbçi qeyd edir ki, bazada müntəzəm olaraq təlim və məşq keçirirlər. Onun sözlərinə görə, təhlükəsizlik təhdidlərinə iki dəqiqə ərzində cavab verilir.
Amerika Alimləri Federasiyasının (FAS) məlumatına görə, Rusiyada təxminən 4380 nüvə başlığı var. Lakin onlardan 1700-nün istifadəyə hazır olduğu təxmin edilir. Bəzi Qərb ekspertləri Rusiyanın əlində olan silahların əsasən sovet dövründən miras qaldığını, bəzilərinin isə işlək vəziyyətdə olmadığını iddia edirlər.
Keçmiş rus əsgəri bu fikri rədd edib: "Bəzi ərazilərdə köhnə silahlar ola bilər, lakin ölkənin böyük nüvə silahı arsenalı var. Çoxlu döyüş başlıqları var".
Keçmiş rus hərbçi əmrə tabe olmadığı üçün nüvə bazasından başqa hərbi hissəyə sürgün edilib və oradan fərarilik edərək ölkəni tərk edib.