AZ

Sabunçuda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirildi - Fotolar

Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlər barədə vəziyyətin yoxlanılması və qış aylarında havaların qarlı-şaxtalı günlərində küçə, səki, məhəllədaxili ərazi və yolların qardan vaxtında təmizlənməsi, nəqliyyatın hərəkətinin nizamlanması haqqında müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Elşən Həsənl təhsil, səhiyyə və bir sıra digər müəssisələrin rəhbərləri iştirak ediblər.

İcra başçısı Adil Vəliyev 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar rayonda görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verərək tədbirlər planına uyğun olaraq işlərin görüldüyünü, eyni zamanda rayon ərazisində yolların qardan vaxtında təmizlənməsi məqsədilə istifadə olunacaq texnikaların texniki vəziyyətinin yoxlanıldığını, lazımı səviyyədə duz ehtiyatının olduğunu bildirib. Bununla yanaşı cavabdeh təşkilatlar arasında xüsusi iş qrafiki, eləcə də növbətçilik cədvəlinin təsdiq olunduğunu vurğulayan A.Vəliyev qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müvafiq müəssisə rəhbərlərinə tapşırıqlar verib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin şöbə müdiri Abbas Zeynalov 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini tələb olunan səviyyədə təşkil etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının 12 avqust 2024-cü il tarixli 225 nömrəli Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən müvafiq xidmət sahələri tərəfindən qış mövsümünə hazırlıqla bağlı rayon Qərargahına təqdim olunmuş məlumatları diqqətə çatdırıb.

Daha sonra Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev 2024-2025-ci illərin qış mövsümünə hazırlığın vəziyyəti və görüləcək işlər barədə verilən tapşırıqlarla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. 

Müşavirənin sonunda qış mövsümünə hazırlığın qiymətləndirilməsi və görüləcək işlər barədə müzakirələr aparılıb.






Seçilən
22
qafqazinfo.az

1Mənbələr