Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə gələn ay, dekabrın 19-da dördüncü dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçiriləcək.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, forum “Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi ilə təşkil olunacaq.
Tədbirdə karyera inkişafı üzrə ölkədə və dünyada olan uğurlu nəticələr, qlobal trendlər və müasir yanaşmalar, təhsildə effektiv öyrənmə və öyrətmə mexanizmlərinin qurulması üçün əsas meyarlar, əmək bazarında tələb olunan və önəmli hesab edilən bacarıqların əhəmiyyəti və inkişafı yolları müzakirə olunacaq.
Forumda karyera məsləhətçiləri, təhsil ekspertləri, dövlət və özəl sektorun nümayəndələri, inkişaf mentorları iştirak edəcək və müxtəlif mövzularda təqdimatlar ediləcək.
“Təhsildən karyeraya: Gələcəyin innovativ həlləri”, “İnnovasiya, əməkdaşlıq və qlobal mobillik” və “İnsan kapitalının inkişafı və təşkilati mədəniyyət” kimi panellərdə yerli ekspertlərlə yanaşı, karyera inkişafı üzrə tanınmış beynəlxalq mütəxəssislərin də iştirakı gözlənilir.
Ölkəmizdə karyera inkişafının müzakirəsi sahəsində ən qabaqcıl təcrübələrdən sayılan Azərbaycan Karyera İnkişaf Forumunda birgə müzakirələr, sual-cavab sessiyaları və qruplar formatında görüşlər təşkil ediləcək.
Qeyd edilib ki, Azərbaycan Karyera İnkişaf Forumuna iştirakçı qismində qatılmaq istəyən şəxslər https://form.jotform.com/243203687614457 linkindən qeydiyyatdan keçə bilərlər. Son qeydiyyat tarixi 15 dekabr 2024-cü ildir.