Rusiyanın Şimali Koreya əsgərlərindən sonra indi də Yəməndən, xüsusilə husi separatçı qruplarından muzdlu əsgərləri cəlb edərək cəbhəyə göndərdiyi iddia edilib.
Hafta.az-ın “Financial Times”a istinadən yazdığına görə, Rusiya Yəməndən yüzlərlə muzdlu əsgəri cəlb edir və onları Ukrayna müharibəsinə qatır. Bildirilir ki, bu əsgərlər yüksək maaş, gəlirli iş və hətta Rusiya vətəndaşlığı vədləri ilə cəlb olunublar. Ancaq bu prosesdə Husilərə bağlı bir şirkətin köməyi ilə Rusiyaya gətirilən bu əsgərlərin zorla Rusiya ordusuna cəlb edilərək cəbhəyə göndərildiyi iddia edilir.
Xəbərdə vurğulanır ki, Rusiya bu muzdluları Yəməndəki Husilərlə əlaqəli bir şirkət vasitəsilə təşkil edir.
Yəməndəki iqtisadi böhran və işsizlik səbəbindən Rusiyanın yüksək maaş və vətəndaşlıq vədləri bu əsgərləri cəlb etməkdə təsirli olur. Bildirilir ki, muzdlular Rusiyaya çatdıqdan sonra vəd edilən şərtlərin əksinə olaraq, zorla Ukraynadakı döyüş bölgələrinə köçürülüblər. Bu vəziyyət təkcə insan haqları baxımından deyil, həm də Yəməndəki Husi administrasiyası ilə Rusiya arasında əlaqələrin dərinləşdiyini göstərir.
Rusiyanın Yəməndən qoşun toplaması Ukrayna böhranının getdikcə beynəlxalq xarakter aldığının göstəricisidir. Bu vəziyyət Yəməndəki vətəndaş müharibəsi tərəflərinin Rusiya ilə münasibətlərini və bu əlaqələrin regional dinamikaya təsirini də gündəmə gətirir.
Rusiyanın canlı qüvvə çatışmazlığı onu daha geniş muzdlu şəbəkəyə sürükləyir və bu inkişaf müharibənin daha da mürəkkəbləşməsinə səbəb olur.
Qərb ölkələri bu cür muzdlulardan istifadəni pisləsə də, Yəmən və buna bənzər bölgələrdə iqtisadi qeyri-sabitlik Rusiyanın bu cür resurslara çıxışını asanlaşdırır. Bu, beynəlxalq ictimaiyyəti, xüsusən də Körfəz ölkələrini Yəməndəki iqtisadi problemləri həll etmək üçün hərəkətə keçməyə məcbur edə bilər.