2025-ci ildə təsdiqlənməsi gözlənilən logistik subsidiya mexanizmi qeyri-ənənəvi bazarlara ixracı stimullaşdıracaq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva Bakıda keçirilən "Turan E-ticarət və E-İxracat Forumu"nda deyib.
Onun sözlərinə görə, bu stimullaşdırma ixrac coğrafiyasının şaxələndirilməsinə töhfə verəcək: “Sözügedən mexanizm, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdən ixrac fəaliyyətini həyata keçirən sahibkarların logistik xərclərinin tam şəkildə qarşılanmasını nəzərdə tutur”.
O əlavə edib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi 6,1 milyard ABŞ dollarına çatıb, bunun 3,5 milyard ABŞ dolları ixrac payına düşüb.
S. Yəhyayeva bildirib ki, investisiyalar baxımından, 1995-2023-cü illər arasında Turan dövlətlərindən Azərbaycanın iqtisadiyyatına 16 milyard ABŞ dollarından çox sərmayə yatırılıb: “Bundan əlavə, bütün Türk dövlətləri ilə sərmayələrin təşviqi və qorunması barədə razılaşmalar imzalanıb ki, bu da müqavilə-hüquq bazasının daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün zəmin yaradır”.