AZ

Geoloq-alim Baba Babazadəyə həsr olunan xatirə tədbiri keçirildi – FOTO

Noyabrın 25-də Bakı şəhərində yerləşən Rus Evində neftçi, geoloq, alim Baba Babazadəyə və görkəmli seysmoloq, alim Oktay Babazadənin 85 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Baba Babazadənin ölümünün 62-ci ildönümünə və Ramanada doğulduğu evdə xatirə lövhəsinin qoyulmasına həsr edilib.


Nigar Babazadənin təşkilatçısı və aparıcı olduğu tədbirdə "Ramanalı Məşhurlar", "Ramananılar II Dünya Müharibəsi illərdə", "Buzovna Ensklopediyası-Vətənnamə", "Sosialist Əməyi Qəhrəmanları 1941-1945" kitablarının təqdimat mərasimi keçirilib.

Daha sonra Baba Babazadəyə həsr olunan, “AzTV” tərəfindən lentə alınan "Mənalı Ömür" sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edənlər Baba Babazadə və Oqtay Babazadənin ömür yolundan, elm sahəsində imza atdığı uğurlardan söz açıblar.


Tədbirin təşkilatçısı Nigar Babazadə Bizim.Media-ya açıqlamasında Baba Babazadə haqqında araşdırmalar apardığını, mərhum alimin müəllifi olduğu kitabları Elmi-Texniki Kitabxanaya bağışladığını qeyd edib.

Baba Babazadənin oğlu Altay Babazadə isə atası ilə bağlı xatirələrini bölüşüb:


"Atam rəhmətə gedəndə 19 yaşım var idi. Ondan əvvəl isə o daim elmlə məşğul olurdu. Evdə az olsa belə, gözəl ata, ailə başçısı idi. Müharibə dövründə alimlər Buzovna, Maştağa ərazilərində neftin olmadığını düşünürdülər. Hətta atama demişdilər ki, burada nef tapılmasa Sibirə sürgün ediləcək. Amma həmin ərazilərdə geniş neft yataqları tapıldı".

Neftçi Geoloqlar Cəmiyyətinin sədr müavini Elvin Əhmədov isə Baba Babazadənin xatirə mərasimində iştirak etməyin qürurverici olduğunu bildirib:


“Biz gənc geoloqlar üçün Azərbaycanın geologiya, neft sahəsi üçün böyük işlər görmüş şəxslərin irsini davam etdirmək böyük məsuliyyətdir.  Bir çox yatağın, Neft Daşlarının kəşf olunması Baba Babazadənin adıyla bağlıdır. Bu kəşflər Azərbaycanın neft sektoruna, eləcə də iqtisadiyyatına böyük töhfələr verib".

Baba Babazadə haqqında

Qeyd edək ki, Babazadə Baba Qurbanqulu oğlu 1911-ci ildə Bakı şəhərində anadan olub. O, 1923–1929-cu illərdə N.Nərimanov adına Sənaye Texnikumunu, 1934-cü ildə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Geoloji-kəşfiyyat fakültəsində təhsil alan Baba Babazadə mühəndis-geoloq ixtisasına yiyələnib.


Baba Babazadə 1949-cu ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1962-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb. O, 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Baba Babazadə pedaqoji fəaliyyətlə də məşğul olub, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyib. Alimin geoloji-kəşfiyyat və yataqların səmərəli işlənməsi üzrə 80-dən artıq elmi əsəri işıq üzü görüb.
 

1936-cı ildə Baba Babazadənin rəhbərliyi ilə qazılmış quyunun dərin qatlarından "Qala lay dəstəsi" açılıb. O, 1942-ci ildə "Əzizbəyovneft Neft-Mədən İdarəsində baş geoloq işlədiyi müddətdə Buzovna-Maştağa yatağının açılmasını həyata keçirib.


Baba Babazadə 1945–1952-ci illərdə o, "Azneft" Birliyinin baş geoloqunun müavini, daha sonra baş geoloq və Birliyin rəisi vəzifələrini icra edib. Geoloq-alim 1954-cü ildə Neft Sənaye Nazirliyinin baş geoloqu kimi fəaliyyət göstərib. 1960-cı ildən ömrünün sonuna qədər isə "Azneft" Birliyinin baş geoloqu vəzifəsini icra edib.


Buzovna-Maştağa, Zirə, Kürsan, Qaradağ, Neft Daşlarının Şimal-Şərq qanadında, Palçıq pilpiləsi, Qaradağ, Kürovdağ, Mişovdağ, Qum adası və digər yerlərdə zəngin neft yataqlarının kəşfi onun adı ilə bağlıdır. Bundan əlavə o, dənizdə və quruda neft hasil edən yeni bazaların yaradılmasında da fəal iştirak edib ki, bu da Azərbaycanda qaz sənayesinin təməlinin qoyulmasına əsaslı təkan verib.

1944-cü ildə SSRİ və Azərbaycan neftçiləri arasında ilk dəfə olaraq B.Babazadəyə Sosialist Əməyi Qəhrəmanı birinci dərəcəli Stalin Mükafatı, Lenin Mükafatı və üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni verilib. Habelə 1941–1945-ci illər Böyük Vətən müharibəsində "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə" medalları və Fəxri fərmanlarla təltif olunub.

Oqtay Babazadə haqqında

Oqtay Babazadə 16 noyabr 1939-cü ildə Bakə şəhərində dünyaya gəlib. Görkəmli alim 52 il AMEA-nın Geologiya vo Geofizika İnstitutunda fəaliyyət göstərib. O, partlayıcıların seysmologiyası və zəlzələlər üzrə tədqiqatçı alim olmaqla yanaşı, həm də seysmik ocaq geodinamikasının yaradıcısı olub. Oqtay Babazadə neft-qaz, seysmik təhlükə, zəlzələlərin proqnozu üzrə bir sıra tədqiqat işləri aparıb. O elmi tədqiqatlara dair 200-dən çox elmi əsərin müəllifidir. 2017-ci ildə Almaniyada onun "Seysmik Geodinamika və Zəlzələ Fokus Zonaların proqnozu" monoqrafiyası nəşr edilib. Bu monoqrafiya YUNESKO-nun elmi irs siyahısına daxil olub.

Oktay Babazadə üc dəfə İsveçrənin Kral Elmlər Akademiyasının yüksək nominasiyaları ilə təltif olunub. Oktay Babazadə 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar Mühəndis" adına layiq görülüb.







Nəzrin Mirzəyeva, Bizim.Media

 

Seçilən
7
bizim.media

1Mənbələr