Həftə sonu Niderlandın Haaqa şəhəri yaxınlığındakı Scheveningen sahillərində çoxlu sayda narkotik maddə olan bağlamalar sahilə çıxıb.
Index.az xəbər verir ki, polis narkotik dolu paketləri toplamaq üçün çimərliyi bağlayıb.
Şimal dənizindən sahilə çıxarılan paketlərdə 350 kiloqramdan çox kokain olduğu müəyyən edilib. Polisin məlumatına görə, narkotiklərin küçə dəyəri 18 milyon avrodan çoxdur.
Haaqa polisi çimərlikdəki narkotiklərin xüsusilə uşaqlar üçün ölümcül ola biləcəyini bildirərək, tapılan kokain paketlərinin təhlükəsizlik qüvvələrinə bildirilməsini istəyib.
Təhlükəsizlik bölmələrinin bildirdiyinə görə, narkotiklər bəzən alıcılara çatmaq üçün dənizdə müəyyən bir nöqtədə qalır. Bəzən təhlükəsizlik qüvvələrinin təqibinə görə qaçaqmalçılar tərəfindən dənizə atılır.
Polis, narkotiklərin mənbəyini müəyyən etmək üçün Maliyyə Kəşfiyyatı və Təhqiqat Xidməti (FIOD), Gömrük İdarəsi və Sahil Mühafizəsi ilə birgə çalışdıqlarını açıqladı.
Niderland, Belçika və İspaniya limanları Cənubi Amerikadan Avropaya gələn kokainin ən mühüm giriş nöqtələridir.
Keçən il Niderlandda dəniz yolu ilə gələn təqribən 80 ton kokain ələ keçirilib. Belçikanın Antverpen limanı ələ keçirilən 116 ton narkotiklə Avropada birinci olub.