AZ

Quru sərhədlərinin açılması yenidən GÜNDƏMDƏ

Azərbaycanda quru sərhədlərinin açılıb-açılmayacağı məsələsi yenidən gündəmə gəlib. İddialara görə, gələn ilin ilk günlərində quru sərhədlərinin açılması gözlənilir. 

 

Qeyd edək ki, quru sərhədləri 2020-ci ildən bağlıdır. Sonuncu dəfə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci ilin yanvarın ayının 1-i saat 06:00-dək uzadılıb.

 

Quru sərhədlərin açılması məsələsi ötən gün Milli Məclisdə də gündəmə gəlib. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, quru sərhədlərinin açılması 100 minlərlə şəxsin Azərbaycana axını ilə nəticələnə bilər. 

 

"Xəzərin üzərindən 100 km-lərlə məsafədə hədəflər vurulursa, ənənəvi ticarət tərəfdaşları bloklara cəlb olunursa, ölkəmizin hərbi-siyasi neytrallığını qoruyub saxlaması asan olmayacaq. Vətəndaşlarımız bilir ki, sanksiyalardan yan keçməklə ölkəmizin beynəlxalq əlaqalərinin müntəzəm çalışması liderimizin siyasi məharətinin nəticəsidir. Lakin prezidentin bir çıxışında deyilir ki, biz seçim məcburiyyətində qala bilərik.

 

Əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər", - o qeyd edib.

 

Mövzu ilə bağlı Modern.az-a danışan millət vəkili Azər Badamov bildirib ki, quru sərhədlərin açılması zaman-zaman müzakirə olunan məsələdir:

 

“Amma biz qonşu ölkələrdəki ictimai siyasi vəziyyəti də nəzərdən qaçırmalı deyilik. Çünki qonşu ölkələrin demək olar ki, hamısı müharibə vəziyyətində və siyasi böhran içindədir. Azərbaycan isə narahat bölgəmizdə sabitlik adasıdır. Vətəndaşlarımızın təhlükəsizliyi tam təmin olunub. Qonşu respublikalarda vətəndaşlar narahatlıq içində yaşayırlar. Biz isə əsas işimiz olan torpaqlarımızı işğaldan azad etmişik və həm azad olunmuş ərazilərdə yenidənqurma  və bərpa işləri aparmaqla keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarırıq, həm də regionlarımızın tarazlı inkişafını davam etdirməklə vətəndaşlarımızın rifahının yaxşılaşdırılması proqramları icra ediririk”. 

 

Millət vəkilinin sözlərinə görə, quru sərhədlərin bağlı olmasının vətəndaşlarımız və xaricdə yaşayan soydaşlarımız üçün çətinliklər yaratdığı doğrudur:

 

“Amma ölkəni xarici təsirlərdən qorumaq naminə bu çətinliklərə müvəqqəti olaraq dözümlü olmalıyıq. Çünki, təhlükəsizliyimizi və sabitliyimizi dəyərləndirib hər şeydən üstün tutmalıyıq. Quru sərhədlərimizin isə qonşu ölkələrdə vəziyyətin stabilləşməyə doğru getdiyi bir zaman açılacağını hesab edirəm. Dövlət başçımız nəyi necə və  nə zaman etmək lazım olduğunu hamıdan yaxşı bilir. Dövlət başçımızın   dediklərinin dügün olduğunu zaman həmişə sübut etmişdir. Ona görə də biz dövlət başçımızın bu məsələyə qərar verəcəyi gününü  səbirlə gözləməliyik”.

Seçilən
24
1
modern.az

2Mənbələr