Vizyonumuz bütün satıcılarımızı elektron ixracatçıya çevirməkdir.
Kommersant.az xəbər verir ki, bunu “Trendyol Group”un beynəlxalq genişlənmə şöbəsinin rəhbəri İrem Çağrı Yılandil Bakıda keçirilən "Turan E-Ticarət və İxracat Forumu"nda bildirib.
O qeyd edib ki, Azərbaycanın güclü iqtisadi əsasları, canlı ticarət mühiti və dinamik inkişafı var. Buradakı e-ticarət bazarının bu il 2 milyard dollara çatacağı və 2030-cu ilə qədər hər il 13% artacağı gözlənilir.
“Biz investisiya qoymaq, təcrübəmizi bölüşmək, müştərilərimiz və biznes tərəfdaşlarımızla böyümək üçün Azərbaycandayıq.
Birlikdə e-ticarətin gələcəyini formalaşdırmaq və hər kəs üçün qalıcı imkanlar yaratmaq gücümüz olduğuna inanırıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Founder Club" və Azərbaycan Françayzinq Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına həsr olunmuş Turan E-Ticarət və İxracat Forumu keçirilir.