AZ

Bu il ümumilikdə 86 gənc “Parla”nın iştirakçısı olacaq

Yarandığı gündən bir sıra uğurlu layihələr həyata keçirən Təhsilin İnkişafı Fondu (TİF) “Parla” təqaüd və inkişaf proqramı ilə artıq bir çox qızların xəyallarını gerçəkləşdirir, onların şəxsi və peşəkar inkişafında xüsusi rol oynayır. TİF-nin Layihələrin idarə olunması şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Nərgiz Qədirova TƏHSİL.BİZ -in dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olan bu proqramla bağlı suallarını cavablandırıb.

- TİF-in “NEQSOL Holding”lə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Parla” təqaüd və inkişaf proqramı nə vaxtdan reallaşdırılır? Onun icrası hansı zərurətdən irəli gəlib? - TİF yarandığı gündən 50.000-dən yuxarı insanı əhatə etməklə, 40-dan çox layihənin təşkilatçısı və tərəfdaşı olub. Ölkədə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəklənməsi, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirmək Fondun əsas fəaliyyət istiqamətləridir. TİF-in ilk layihələrindən biri “Qızların təhsilinə dəstək” təqaüd proqramıdır. Fond sözügedən layihəni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirir. Sevindirici haldır ki, bu təşəbbüsə özəl sektor nümayəndələri də qoşulub. Onlardan biri də “NEQSOL Holding”dir. Ötən il oktyabrın 4-də TİF ilə “NEQSOL Holding” arasında Əməkdaşlıq Memorandumu imzalanıb, daha sonra dövlət-özəl əməkdaşlığının bariz nümunəsi olan “Parla” təqaüd proqramı elan edilib. - Proqramın özəllikləri nədir?- “Parla” aztəminatlı ailələrdən olan yüksək akademik göstəricilərə malik tələbə qızlar üçün elan edilmiş təqaüd proqramıdır. Proqram iştirakçılara aylıq təqaüdlə təmin olunma imkanı verməklə yanaşı, təcrübə, mentorluq, təlimlərdə iştirak və “NEQSOL Academy”, “LinkedIn Learning”, “Enocta” vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış imkanları yaradır. Bundan əlavə, proqram çərçivəsində qızlar ümumi ingilis dili, IELTS imtahanına hazırlıq üzrə kurslara cəlb edilir, IELTS imtahanını ödənişsiz vermək fürsəti əldə edirlər. Qeyd edim ki, iştirakçıların şəxsi və peşəkar inkişaflarının artırılması məqsədilə ünsiyyət bacarıqları, karyera inkişafı üzrə təlimlər, xaricdə təhsil haqqında məlumat sessiyası keçirilib. “Norm” ASC-nin istehsalat zavoduna sahə turu təşkil edilib. - Bu günədək nə qədər tələbə qız bu proqramdan bəhrələnib? - Birinci qrup üzrə aparılmış qəbula əsasən, 50 qız proqramdan yararlanır. Proqramın ilk elanı 4 oktyabr 2023-cü il tarixində baş tutub. 674 müraciət arasından seçim mərhələlərini uğurla tamamlayan 50 qalib müəyyən edilib. Beləliklə, 2024-cü ilin yanvar ayından  50 qadına 200 manat məbləğində təqaüd verilir. Qaliblərin 5-i şəhid həyat yoldaşlarıdır.Bu il sentyabrın 3-də “Parla” təqaüd və inkişaf proqramının ilk ”Məzun günü” keçirilib, 14 tələbə qız proqramdan məzun olub. Məlumat üçün bildirim ki, həmin tələbələrdən 4-ü “NEQSOL Holding”də və şirkətlərində işlə təmin olunublar. 36 qız təqaüd almağa davam edir. - Proqramın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur? Ümumiyyətlə, proqrama qəbul necə həyata keçirilir? - TİF və “NEQSOL Holding” arasındakı əməkdaşlığa əsasən, Azərbaycanda hər il 50 tələbə qız üçün “Parla” proqramı həyata keçirilir. Beləliklə, hər il 50 tələbə qızın bu proqramdan faydalanması nəzərdə tutulur. Bir müddət əvvəl ikinci “Parla” proqramına qəbul yekunlaşdı və müsahibə mərhələsinə dəvət olunacaq tələbə qızların adları açıqlandı. Bu il proqrama 791 nəfər müraciət edib. Seçim şərtlərinə cavab verən 128 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Növbəti həftədən etibarən iştirakçılar mərhələli şəkildə müsahibələrə dəvət ediləcəklər. Bu il ümumilikdə 86 gənc proqramın iştirakçısı olacaq.Hər iki qurum proqramın uzunmüddətli olmasını arzu edir, layihə çərçivəsində tələbə qızların sayını artırmağı hədəfləyir.  - "Parla" qızlarımıza nələr vəd edir?- “Parla” tələbə qızlara təkcə maddi dəstək deyil, həm də onların həyatında mühüm dönüş yarada biləcək fürsətlər təqdim edir. Burada qızlar yalnız təqaüd almaqla kifayətlənmir, eyni zamanda təhsil və bacarıqlarını artırmaq üçün müxtəlif kurslara, təlimlərə və proqramlara cəlb olunurlar. İngilis dili kursları, IELTS imtahanına hazırlıq və pulsuz imtahan imkanı onların qlobal arenada özlərini təsdiq etməsinə yol açır. “Parla”dan məzun olanlar artıq öz məzunlar assosiasiyasını quraraq bir-birilərinə dəstək verirlər.“Parla” hər bir iştirakçıya yalnız dəstək deyil, gələcəkdə daha güclü, özünəinamlı və cəmiyyətdə aktiv rol oynayan bir şəxs olmaq üçün unikal şans verir. Bu proqram öz potensialını reallaşdırmaq istəyən hər bir tələbə qız üçün yeni bir üfüq açır.

 

Seçilən
33
tehsil.biz

1Mənbələr