“Anna Kiyev” silahlı birləşməsinin ukraynalı hərbçiləri Fransadakı hərbi bazada təlimlərini başa vuraraq Ukraynaya qayıdıblar.
Herbiand.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu Polşa, Britaniya, Fransa, İtaliya və Almaniya başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
“Anna Kiyev” briqadası Kiyevin böyük knyazı Yaroslav Müdrikin qızı, fransız kraliçası Anna Yaroslavnanın adını daşıyır.
Fransa prezidenti Emmanuel Makron oktyabrda briqadanın təlimini əks etdirən görüntüləri nümayiş etdirib və bildirib ki, 2,3 min ukraynalı əsgər Fransanın şimal-şərqindəki Qrand-Est bölgəsində təlim keçir.
Briqadanın hazırlanması üçün tanklardan və digər texnikalardan istifadə olunub. Makronun sözlərinə görə, hərbçilər döyüşdə tətbiq edəcəkləri texnikadan istifadə ediblər.
Bəxtiyar CƏFƏRLİ