AZ

"Baydenin yanlış seçdiyi bu siyasət onun üçün uğur gətirmədi" - ŞƏRH EDİLDİ

"Yarımçıq layihə əsasında olsa da, Azərbaycan-Ermənistan sülh sazişinin COP29 ərəfəsində imzalanmasında ən maraqlı şəxslərdən biri Bayden idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, Bayden burada Amerika dövlətinin mənafelərindən daha çox özünün şəxsi hakimiyyət marağını düşünürdü: "Çünki Azərbaycan dövlətinə COP29 müstəvisində təzyiq göstərmək planını həyata keçirirdi. Biz COP29-la bağlı Qərb dairələrinin və Amerikanın prezidentinin Azərbaycan barədə hansı niyyətlərdə olduğunu bilirik. Eyni zamanda COP vasitəsilə Azərbaycana təzyiq göstərərək yarımçıq vəziyyətdə olsa da, sülh sazişinin imzalanmasına ölkəmizi vadar etmək istəyirdi. Birinci növbədə Baydeni düşündürən onun seçki prosesində erməni diasporunun mənafelərini düşünmək idi. Bu yolla seçki prosesində erməni diasporunun və lobbisinin daha aktiv dəstəyini almaq istəyirdi. Çünki onlar da maraqlı idilər ki, Ermənistanın təklif etdiyi yarımçıq sülh sazişinin əsasında Azərbaycan sülhə getməli olsun".

Onun sözlərinə görə, burada ikinci amil Ermənistanın təklif etdiyi yarımçıq sülh sazişini imzalamaqdan ibarət idi: "Baydenin əsas mənafelərindən biri də sülh sazişininin yarımçıq vəziyyətdə imzalanması ilə gələcək üçün münaqişənin yeni bir mərhələsinə baza saxlamaqdan ibarət idi. Hamı bilir ki, sülh sazişinin o cür yarımçıq vəziyyətdə imzalanması bölgəyə tam uzun müddətli sülh gətirə bilməzdi. Ya onun arxasınca yarımçıq məsələlər də həll olunmalı idi, ya da bunun sonu yeni bir gərginlik idi. Nəzərə alsaq ki, Ermənistan digər qalan məsələlərlə bağlı Azərbaycanla razılığa gəlmək istəmir. Yarımçıq vəziyyətdə imzalanmış sülh sazişinin 100 faiz ehtimalla demək mümkündür ki, gələcək yeni münaqişənin bazası olacağı şübhəsiz idi. Buna görə də, Bayden yarımçıq sülh sazişinin Azərbaycan tərəfindən imzalanmasında maraqlı idi və təzyiq göstərirdi. Digər tərəfdən Bayden yarımçıq sülh sazişinin imzalanmasına nail olmaqla münaqişənin gələcək mərhələlərində bizim bölgədəki proseslərə daha aktiv müdaxilə üçün şərait və imkan saxlamağa çalışırdı. Buna görə də, Ermənistanın təklif etdiyi sülh sazişinin yarımçıq vəziyyətdə imzalanmasında maraqlı idi və buna görə Azərbaycana təzyiqlər göstərirdi. Təsadüfi deyil ki, COP-dan əvvəl həm Azərbaycan, həm də Ermənistanın dövlət başçılarına göstərdiyi eyni məzmunlu məktublarda da Bayden bu niyyətlərini açıq-aşkar büruzə verirdi. Çünki açıq şəkildə Azərbaycanı sülh sazişinin razılaşmamış maddələri üzərində açıq kompromislərə səsləyirdi. Hansı ki, bu kompromislər Azərbaycan üçün prinsipial məsələlərdir. Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirilməsi olmadan sülh sazişinə getməyi sadəcə mümkünsüz hesab edir. Amma Bayden Azərbaycanı bu məsələyə hətta konstitusiya dəyişikliyi olmadan belə getməyə vadar etmək istəyirdi. İstəyirdi ki, konstitusiya dəyişikliyi olmadan da Azərbaycan Ermənistanla sülh sazişi imzalasın. Amma dəqiq və doğru seçilməmiş siyasətin Bayden üçün sonda məğlubiyyət olacağı əvvəldən görünürdü.

Təəssüf ki, Bayden bunu görmürdü. Sonda da təsdiqləndi ki, Baydenin yanlış seçdiyi bu siyasət onun üçün uğur gətirmədi. Onun ən böyük səhvi isə Azərbaycanı və Ermənistanı Azərbaycanın mənafərinin ziddinə yarımçıq sülh sazişinin imzalanmasına məcbur etmək idi. Sonda Bayden həm Prezident kürsüsünü itirdi, həm də bölgədə gedən proseslərə daha aktiv müdaxilə imkanlarını əldən verdi".

Müəllif: Söylü Ağazadə
Seçilən
29
1
sia.az

2Mənbələr