“Google Maps” çox faydalı proqram olsa da, ani dəyişiklikləri hiss edə bilmir. Bunun çox acı bir nümunəsi Hindistanda baş verdi.

İndex.az xəbər verir ki, “Google Maps” 3 nəfərin olduğu nəqliyyat vasitəsini Ramqanqa çayı üzərindən aylar əvvəl daşqın nəticəsində dağılan və yenidən qurulan körpüyə istiqamətləndirib.

Təəssüf ki, sürücü körpünün davamının olmadığını son ana qədər dərk etməyib. Hadisənin gecə saatlarında baş verməsinin də sürücünün görmə qabiliyyətinə ciddi təsir edən mühüm amil olduğunu deyə bilərik. Nəticədə körpüdən düşən avtomobildə olan 3 nəfər ölüb.

Qəzadan sonra aparılan araşdırmalarda zərərçəkənlərin qəzadan dərhal əvvəl “Google Maps”dən istifadə etdikləri müəyyən edilib. Lakin həlak olanların yaxınları körpünün girişində sürücüləri xəbərdar edən heç bir işarənin olmadığını iddia edib. Onlar həmçinin “Google”un xəritələmə sisteminin qurbanları yanlış yönləndirdiyini bildirərək öz reaksiyalarını bildiriblər.

Təbii ki, paylaşılan detallara nəzər saldıqda deyə bilərik ki, günahkar tək “Google Maps” deyil. Körpünün girişində sürücüləri xəbərdar edən lövhə olmadığı üçün bu, ciddi təhlükəsizlik problemidir. Bundan əlavə, “Google Maps” sürücüləri körpüdə heç bir problem yoxmuş kimi istiqamətləndirərək, hadisənin daha faciəli bitməsinə səbəb olub.