“Savadı olmayanları müəllim adından məhrum edək, ancaq onların bu adı necə almaları barədə də düşünək.”Yaşlı və orta nəslin nümayəndələri yəqin bilməmiş deyillər və bilməlidirlər ki, müəllim əməyinin qiymətləndirilməsi və onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. Sadəcə, attestasiya sözü sertifikasiya sözü ilə əvəzlənib. İstər bunu attestasiya adlandıraq, istərsə də sertifikasiya nəticə etibarı ilə bu prosedur prosesə cəlb olunanların kvalifikasiyasına, yəni onların müvafiq standartlara uyğun olan təlim nəticələrinin əldə edilməsi haqqında səlahiyyətli qurum tərəfindən aparılan qiymətləndirmə və təsdiqetmə prosesinin rəsmi nəticəsinin müəyyənləşdirilməsinə xidmət edir. Müəllimlərin son attestasiyası 1994-cü ildə keçirilib:1999-cu ildə dövlət komissiyası tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqram”ına “rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımı diqqət yetirilməməsi” barədə müddəalar daxil edilmiş və bunun həll olunacağı müddətlər belə müəyyən olunmuşdu. Belə ki, bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may, 2001-ci il tarixli qərar da vermişdi.Təhsil Nazirliyin 21 oktyabr, 2002-ci il tarixli əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu.“Proqram”da attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun proseduralar tələb olunduğundan reallaşması mümkün olmadı. Məhz buna görə də “Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya Diaqnostik qiymətləndirmə ilə əvəz olundu. Əslində Diaqnostik qiymətləndirmə bir növ attestasiyaya hazırlıq mərhələsi kimi nəzərdə tutulmuş, bununla bağlı dəfələrlə rəsmi bəyanatlar da verilmişdi. Məsələ ondadır ki, 2014-cü ildən başlayaraq müəllimlərin böyük əksəriyyətinin bu prosesə cəlb olunmasına baxmayaraq, Diaqnostik qiymətləndirmə heç də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı. Nəticə olaraq, belə qərara alındı ki, “Əmək Məcəlləsinin 66-cı maddəsinə əlavə edilən yeni bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq. Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq.Sertifikasiyanın həyata keçirilməsi, 2021-ci ildə davam etdirilməsi nəzərdə tutulurdu.Ləngimələrin səbəbi əsasən pandemiya ilə izah olunurdu. Rəsmi açıqlamalara görə “birinci il keçməyən müəllimlər, il ərzində ikinci dəfə sertifikatlaşdırmadan keçə bilər” ; “sertifikasiyada yaş həddi də nəzərə alınacaq” ; “işə yeni qəbul olan müəllimlər 5 il sertifikasiya olmayacaqlar, yuxarı yaş həddində olan müəllimlər də yəqin ki, ilk mərhələdə sertifikatlaşdırmadan keçməyəcəklər” ; “prosesə cəlb olunacaq pedaqoji heyət üçün sınaqlar keçiriləcək” ; “sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır” ; “təkrar sertifikasiyada iştirak etməyən şəxslər sertifikasiyadan keçməmiş hesab olunurlar” ; “sertifikasiya imtahanında yaşı 65-dək olan müəllimlər iştirak edəcəklər: Lakin müəllimin yaşı 65-dən yuxarıdırsa və gələcəkdə fəaliyyətini davam etdirmək istəyirsə, sertifikasiyada iştirak edə bilər” kimi açıqlamalar verildi. Lakin bu kimi təsəlliverici açıqlamalar və bəyanatlar sonda o anlama gəlməməli idi ki, böyük təcrübəyə malik yaşlı nəsli sıxışdırmaq yolu ilə kifayət qədər təcrübəyə malik olmayan gənclərə yol açmaq xarakteri daşısın və bundan süni istifadə hallarına yol verilsin. Müddətsiz müqavilə ilə işləyən diplomu dövlət nümunəli olmayan müəllimlərin də sertifikasiya imtahanında iştirak etmələri müsbət hal kimi qiymətləndirsə də onların minimum dərs yükü ilə 6 saatla işdə qalmaları da narazılıq və narahatlıq doğuran səbəblər sırasına əlavə olundu.Daha sonra Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olundu. Bu qərar təsdiqini tapana qədər, həmin müəllimlər sözgedən imtahanda könüllü şəkildə iştirak edə bilməyəcəkləri elan olundu. 60 və 60-dan yuxarı olan müəllimlərin sertifikasiyadan azad olunub-olunmaması, əslində qabaqcadan “Qaydalar”da öz əksini tapmalı idi ki, hətta Milli Məclis səviyyəsində bu qədər əlavə müzakirələ yol açmayaydı. Sonrası nə oldu? Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzi belə bir məlumat yaydı ki, yaşlı təhsilverənlərin iyunda keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur. Sən demə, Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.Sual olunur, əgər müəllimin peşəkarlıq səviyyəsinə və peşə yararlılığına sertifikasiya vasitəsilə qiymət verilirsə, yaşa konkret məhdudiyyətlərin qoyulmasına nə ehtiyac var? “Qaydalar”a əsasən, sertifikasiya hər 5 ildən bir keçirilir və Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddi 65-dir. Bu aralıqda yaşlı və kifayət qədər təcrübəyə malik müəllimi narahat etməyə nə lüzum var 65 yaşına çatmış işçinin çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Hətta bəzi müəssisələrdə təqaüd yaşına çatmış işçilərin çalışma müddəti 1 ildən artıq da uzadılır. Buraya elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş, dövlət büdcəsindən maliyyələşən müəssisələr daxildir.Belə çıxır ki, müəllim həmin 5 illik müddəti daha 5 il artıq aşa bilər və köhnədən qalma ehtiyat bazası ilə daha iki beşillik müddətində işləyə bilər. Belə müəllimlərimizin sayı o qədər də az deyil. Bu halda yeganə çıxış yolu həmin müəllimləri işdə saxlamaq, lakin sonrakı 5 illikdə əmək haqqlarına diferensial yanaşmaqdır. Belə bir yanaşma, 60 yaşdan yuxarı olan şəxslərdə arxayınçılıq hissini aradan qaldırar, məsuliyyət hissini isə bir o qədər artırar.Suallar çox, yanaşmalar isə fərqlidir. Nazirin son mğvqeyi isə belədir: “Savadı olmayanları müəllim adından məhrum edirik, düşünürəm düz edirik”. Nə deyirik, savadı olmayanları müəllim adından məhrum edək, ancaq onların bu adı necə almaları barədə də düşünək Baxaq görək günah müəllimlərdədir, yoxsa savadı olmayan hesab etdiklərimizə diplom verənlərdə, onları işə götürənlərdə, müəllimi “Günah Keçisi” qismində təqdim edənlərdə…? Bir də ki, səbəb-nəticə əlaqəsi deyilən bir anlayış var. Məncə, bu gün bütövlükdə təhsilin diaqnostikasına ehtiyac var, nəinki təhsil işçilərinin sertifikasiyasına…
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta