Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” (AAM) şirkəti “Gədəbəy” yatağında filiz emalı güclərinin fəaliyyətini tam həcmdə bərpa edib.
Modern.az bu barədə şirkətin məlumatına istinadən xəbər verir.
“Gədəbəy mədənində flotasiya qurğusu normal fəaliyyətini bərpa edib. Eyni zamanda, emal üçün həm ehtiyatdakı filiz, həm də əsas açıq karxanadan təzə çıxarılan filizdən istifadə olunur”, – məlumatda qeyd edilib.
Bildirilir ki, 2024-cü ilin sentyabr ayında qələvi üsulu ilə filizlərin emalı zavodu yenidən işə salınıb.
“Beləliklə, Gədəbəydə bütün emal müəssisələri tam fəaliyyətini bərpa edib. Bu, şirkətə tam istehsal gücünə qayıtmağa və 2028-ci ilə qədər orta səviyyəli çox aktiv mis və qızıl istehsalçısına çevrilməyə imkan verir”, – məlumatda vurğulanıb.