AZ

Sülh danışıqları hansı nöqtədən bərba olunur?

Son həftələr ərzində dünya gündəminin başlıca mövzularından birinə çevrilən və Azərbaycan-Ermənistan sülh danışıqlarında fasiləyə səbəb olan COP29 İqlim Konfransı başa çatdı. Rəsmi İrəvan bu tədbirin Bakıda keçirilməsinə səs versə də, iştirak üçün şərt irəli sürdü və yalnız Azərbaycanda həbsdə olan bəzi Ermənistan vətəndaşlarının azad ediləcəyi halda COP29-a qatılacağını bəyan etdi. Azərbaycanın hər hansı bir şərti rədd etməsinin ardından Ermənistan tədbirdə iştirak etməmək qərarına gəldi. Bununla da, ötən ilin 7 dekabrından başlayan xoşməramlı addımlar zənciri qırıldı.  Lakin buna baxmayaraq, artıq qarşıdan gələn dekabr ayında Bakı və İrəvan arasında nizamlanma prosesindəki aktivliyin bərpa ediləcəyi gözlənilir. İndiyədək hər iki tərəfdən sülh sazişi mətninin böyük hissəsinin razılaşdırıldığı barədə rəsmi açıqlamalar verilib. Odur ki, dekabr danışıqlarının əsas mövzuları hələ də ortaq məxrəcin tapılmadığı məsələlər və onların mümkün sazişdə necə öz əksini tapması olacaq. Həmin məsələləri bir daha xatırlatmaq yerinə düşər.  Paşinyan həftəsonu Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə hazırda tərəflər arasında yekun razılaşmaya mane olan üç əsas mövzunu vurğulayıb. Bunlar Ermənistan Konstitusiyası, qarşılıqlı məhkəmə iddiaları və Ermənistandakı Aİ missiyasının simasında xarici güclərin ikitərəfli münasibətlərə müdaxiləsi məsələsidir.  Paşinyan Ermənistan Konstitusiyasına dəyişikləri, xüsusilə də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadın əsas qanundan çıxarılmasını prinsipcə istisna etmir. Lakin baş nazir hələ ki, yalnız yayındırıcı manevrlərlə məşğuldur. Bəyannamənin bəzi müddəalarının hüquqi qüvvəyə malik olmamasına dair Ermənistan Konstitusiya Məhkəməsinin qərarı buna misaldır. Halbuki, Bakı İrəvandan bu mövzuda real addımlar gözləyir. Ən azından, indiyədək Paşinyan hökuməti parlament çoxluğundan istifadə edib Ermənistan Ali Sovetinin 1992-ci il qərarlarını ləğv edə bilərdi. Amma İrəvan nəinki öz qanunvericiliyini Azərbaycana qarşı ərazi iddialarından təmizləmir, hətta qarşı tərəfin Konstitusiyasında da “gizli ərazi iddiaları” axtarır.  Azərbaycan və Ermənistan tərəfindən beynəlxalq məhkəmələrdə qaldırılmış qarşılıqlı iddialarına gəlincə, Paşinyanın sözlərinə görə, Ermənistan bu iddialardan yalnız sülh razılaşması əldə olunduqda imtina etməyə hazırdır. Onun fikrincə, tərəflər ancaq keçmişdəki hadisələrlə bağlı bir-biri ilə məhkəmə çəkişmələrindən imtina etməli, lakin onların gələcəkdə yarana biləcək mübahisələrə dair beynəlxalq arbitraja müraciət etmək hüququ məhdudlaşdırılmamalıdır.  Ermənistan ərazisindəki Aİ missiyasına gəlincə, Azərbaycan hazırda sülh danışıqları masası arxasında ancaq iki tərəfin əyləşdiyi kimi, yerdə də yalnız iki tərəfin olmasını labüd hesab edir. Ermənistan Azərbaycanın bu tələbindən istifadə edərək Rusiya sərhədçilərini şərti sərhəddən çıxarıb, lakin avropalılarla bağlı analoji addım atılmayıb. Paşinyan son açıqlamasında Bakı ilə sərhədlərin delemitasiyasını davam etdirmək niyyətini təsdiqləyib və artıq delimitasiya olunmuş sərhəd ərazilərindən Aİ missiyasını kənarlaşdırmağı təklif edib.  Qeyd olunanlarla yanaşı, ATƏT-in Minsk qrupunun ləğvi məsələsi də dekabr danışıqlarının mövzusu olacaq. Ermənistanın bu məsələ ilə əlaqədar sərgilədiyi mövqe onun davamlı sülh istəyində səmimiliyinə şübhə yaradır. Belə ki, əsasən Qarabağın statusunun müəyyənləşdirilməsi məqsədilə yaradılmış bu təsisatın saxlanılmasında İrəvanın hələ də maraqlı olması məntiqəuyğun deyil.  Əlbəttə ki, Minsk qrupunun ləğvi ilə bağlı Ermənistanın yanaşmasında həmsədrlərdən biri olan Fransanın kölgəsi açıq-aydın görünür. İrəvanın maraqlarını beynəlxalq məhkəmələrdə təmsil edən vəkillərin arasında xeyli fransız hüquqşünasın olmasını da nəzərə alsaq, Parisin sülh prosesinə necə əngəl törətməsi aydın olur.  

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlili

Seçilən
24
anspress.com

1Mənbələr