AZ

Avropadakı radikal sağ İNKİŞAF EDİR: Neofaşizm, yoxsa? – Rəfi Müslümov yazır

Avropada ifrat sağçı hərəkatların yüksəlişi yalnız siyasi arenada deyil, həm də sosial və iqtisadi dinamikalarda dərin dəyişikliklərə səbəb olma potensialına malikdir. Bu tendensiyanın güclənməsi iqtisadi bərabərsizlik, miqrasiya böhranı və siyasi elitaya inamsızlığın fonunda daha da aydın şəkildə görünür. Məhz bu faktorlara əsaslanaraq, bir çox Avropa ölkələrində ifrat sağçı qüvvələrin güclənməsi müşahidə edilir ki, bu da gələcəkdə siyasi mühitin kəskin şəkildə dəyişə biləcəyini göstərir.

Rumıniyadakı prezident seçkilərində ifrat sağçı Kalin Georgeskunun 22,9% səslə qalib gəlməsi Avropada sağçı hərəkatların yüksəlişinə yeni bir mühüm göstərici oldu. Bu, yalnız Rumıniyada deyil, bütövlükdə Avropada ifrat sağçı fikirlərin artan təsirini nümayiş etdirir. Yüksələn bu hərəkatlar, bir tərəfdən, ölkələrin daxili siyasətini dəyişdirərkən, digər tərəfdən də Avropa Birliyi daxilində siyasi və iqtisadi narazılıqları da gücləndirir.

İsveçdə “İsveç Demokratları”nın siyasi təsirinin artması isə miqrasiya və millətçi mövqelərdə sərt siyasətlərin tətbiqinə meylli olduğunu göstərir. Bu, yalnız İsveçin daxili siyasətində deyil, Avropa miqyasında da miqrasiya məsələlərinə qarşı çıxan bir yanaşmanın yayılmasına səbəb ola bilər. Polşada isə mühafizəkar prezident Anjey Duda ilə Donald Tuskun liberal hökuməti arasındakı ziddiyyətlər Avropanın ən böyük inteqrasiya layihəsi olan Avropa Birliyi ilə münasibətlərin gərginləşməsinə yol aça bilər.

Bununla yanaşı, Çexiya, Slovakiya, Macarıstan və Avstriya kimi ölkələrdə də ifrat sağçı hərəkatların güclənməsi müşahidə edilir. Macarıstanın “Fidesz” partiyasının millətçi və miqrasiya əleyhinə siyasətləri Orbanın rəhbərliyi altında daha da güclənərək Avropadakı digər sağçı partiyalarla sıx əməkdaşlıq qurmasına səbəb olub. İtaliyada isə Corciya Meloninin rəhbərlik etdiyi sağçı hökumət, xüsusilə miqrasiya məsələsində sərt mövqeyini nümayiş etdirərək, digər Avropa ölkələrini təsir altına alır.

Bu yüksəlişin bir neçə əsas səbəbi var: birincisi, Avropanın müxtəlif bölgələrində iqtisadi bərabərsizlik və sosial ədalətsizlik genişlənib. İnsanlar, xüsusən də az inkişaf etmiş bölgələrdə yaşayan və sosial problemlərlə üzləşən əhali ifrat sağçı hərəkatlara tərəf yönəlirlər; ikincisi, miqrasiya böhranı və Avropadakı miqrantlara qarşı artan düşmənçiliyin də bu hərəkatların yüksəlişində mühüm rolu var; üçüncüsü isə Avropa Birliyinin idarə etdiyi siyasi, iqtisadi və miqrasiya siyasətləri ilə bağlı yaranan narazılıqlar bu tendensiyanın güclənməsinə səbəb olur.

Bütün bu hadisələr Avropa Birliyinin gələcəyinə dair ciddi suallar doğurur. Əgər bu sağçı hərəkatların yüksəlişi davam edərsə, Avropa Birliyi daxilində parçalanma və siyasi gərginliklər daha da artacağı istisna edilmir. Həmçinin, Ukraynada davam edən müharibə və Avropadakı sağçıların bu müharibə ilə bağlı sərt mövqeləri qoca qitənin ümumi geosiyasi təsirini dəyişdirə bilər. Qısacası, sözügedən məsələni qitədəki neofaşizmin inkişafı kimi adlandıranlar olsa da, bir çox ölkələr bu tendensiya ilə çıxış edərək xarici-daxili siyasətini yürütməkdə davam edir.

Seçilən
11
yenicag.az

1Mənbələr