AZ

COP29 iqlim dəyişmələrinə qarşı qlobal birlik və həllər platforması oldu - ŞƏRH

COP29 iqlim dəyişikliyi ilə mübarizədə tarixi uğurların əldə edildiyi və Azərbaycanın beynəlxalq səhnədə lider kimi ön plana çıxdığı mühüm tədbir kimi yadda qaldı. Prezident İlham Əliyev tərəfindən vurğulandığı kimi, bu konfrans Azərbaycan üçün iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.

Bunu COP29-un əsas nailiyyətlərini və Azərbaycanın bu prosesdəki rolunu AZƏRTAC-a şərh edən Milli Məclisin deputatı Müşfiq Məmmədli söyləyib.

O bildirib ki, Azərbaycan qısa müddət ərzində COP29-a yüksək səviyyədə ev sahibliyi edərək beynəlxalq ictimaiyyətin etimadını doğrultdu. COP-un Bakı tədbiri dünya liderlərinin və 76 mindən çox iştirakçının qatıldığı ən uğurlu iqlim konfranslarından biri oldu. Azərbaycan bütün maraqlı tərəflərin iştirakını təmin edərək ədalətli və inklüziv müzakirələrin aparılmasına şərait yaratdı.

Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) barədə danışan deputat deyib ki, Azərbaycanın sədrliyi ilə COP29-da inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər illik 1,3 trilyon ABŞ dolları iqlim maliyyəsi hədəfi qəbul edildi. Buraya əvvəlki 100 milyard dollar həcmində hədəfi üç dəfə üstələyən 300 milyard dollar həcmində yeni əsas maliyyə hədəfi daxildir. Bakı Maliyyə Məqsədi xüsusilə kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələr üçün əhəmiyyətli dəstək mexanizmləri təqdim edir. Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi.

M.Məmmədlinin sözlərinə görə, iqlim dəyişikliklərinin təsirinə məruz qalan ölkələrə yardım məqsədilə Zərər və İtki Fondu COP29 çərçivəsində tam işlək vəziyyətə gətirildi. Bu fond, xüsusilə iqlim hadisələrindən ən çox zərər çəkən ölkələr üçün maliyyə yardımı təmin edəcək. Bundan başqa, konfrans zamanı karbon bazarlarına dair Paris Sazişinin 6-cı maddəsinin tətbiqi ilə bağlı uzun müddətdir gözlənilən razılaşma əldə edildi. Bu, iqlim maliyyələşdirməsini artırmaqla yanaşı, illik 1 trilyon dollara qədər maliyyə axınını təmin edə bilər.

İqlim fəaliyyəti üzrə Bakı təşəbbüslərindən danışan deputat deyib: “Azərbaycanın ev sahibliyi etdiyi COP29-da bir sıra əhəmiyyətli təşəbbüslər irəli sürüldü. Birincisi, Bakı İqlim Koalisiyasıdır ki, bu da kiçik və orta sahibkarlıq subyektlərinin yaşıl keçidinə dəstək məqsədini daşıyır. Bundan başqa, rəqəmsal texnologiyaların emissiyaların azaldılmasında və dayanıqlığın artırılmasında rolu vurğulandı. Bakı Harmoniya İqlim Təşəbbüsü isə fermerlərə iqlimə uyğun həllər və maliyyə dəstəyi təqdim edən platformadır. İqtisadi sahələr üzrə yeni öhdəliklərə gəldikdə, enerji, turizm, gəmiçilik və digər sektorlar üzrə yeni məqsəd və öhdəliklər qəbul edildi. Bunlar arasında yaşıl hidrogen istehsalı, təmiz enerji texnologiyalarının tətbiqi və üzvi tullantılardan metan emissiyalarının azaldılması kimi məsələlər yer alır”.

Müşfiq Məmmədli qeyd edib ki, COP29 həm də çoxtərəfli əməkdaşlıq üçün mühüm platforma oldu. MDB ölkələri, BMT agentlikləri və beynəlxalq təşkilatlar arasında sıx əməkdaşlıq, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün əlverişli nəticələrə nail olmağa şərait yaratdı. Azərbaycanın səyləri nəticəsində COP29 iqlim məsələlərində həmrəylik və çoxtərəfliliyin əhəmiyyətini vurğulayan mühüm platformaya çevrildi. Bakı Maliyyə Məqsədi və digər təşəbbüslər gələcək iqlim fəaliyyətləri üçün yeni standartlar müəyyən etdi. COP29-un nəticələri iqlim diplomatiyasında mühüm dönüş nöqtəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə iqlim lideri kimi tanınmasını təmin etdi. Bu uğurlar həm də gələcək nəsillər üçün daha yaşıl və davamlı bir dünya qurmaq yolunda atılmış mühüm addımlardır.

Seçilən
19
1
sabahinfo.az

2Mənbələr