AZ

AMEA-da “Dəyərlər və identikliyin fəlsəfi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Noyabrın 26-da AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda UNESCO-nun təsis etdiyi Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş “Dəyərlər və identikliyin fəlsəfi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov, Hollandiyada yerləşən SOTA Elmi Mərkəzinin baş direktoru PhD Mehmet Tütünçü, Böyük Britaniyadan siyasi şərhçi PhD Nil Vatson, Tunis Universitetinin professoru Larusi Mizuri, Türkiyənin Hacettepe Universitetinin dekanı prof. Dr. Yonca İldeşin, Rusiyanın Noosfer İctimai Elmlər Akademiyasının professoru Heydər İmanov, eləcə də Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli institut əməkdaşlarını Ümumdünya Fəlsəfə Günü münasibətilə təbrik edib. Bildirib ki, UNESCO tərəfindən təsis olunan bu əlamətdar gün bütün dünyada olduğu kimi, Azərbaycanda da, xüsusilə fəlsəfə üzrə ölkəmizdə əsas tədqiqatların aparıldığı Fəlsəfə və Sosiologiya İnstitutunda da geniş qeyd olunur.
Çıxışında fəlsəfə elminin meydana gəlməsi, tarixi, keçdiyi inkişaf yolu, məqsəd və vəzifələri haqqında danışan akademik İsa Həbibbəyli qədim yunan filosofları Platonun idealist və Aristotelin materialist fəlsəfi düşüncəsinin əsrlərdir şüurlara hakim kəsildiyini, bu iki istiqamətin fəlsəfə elminə yön verərək tarixin inkişaf müddətində müəyyən mərhələlərdən keçərək çoxsaylı müstəqil düşüncə, ideya və nəzəriyyələrlə zənginləşdiyini deyib.
Tarixi ənənələri olan Azərbaycan fəlsəfə məktəbinin Sovet hakimiyyəti illərində dövrün ideologiyasının tələbi ilə yalnız materialist fəlsəfi düşüncəyə dair tədqiqatlar apardığını vurğulayan AMEA rəhbəri diqqətə çatdırıb ki, ölkəmiz müstəqillik qazandıqdan sonra fəlsəfə elmi də uğurlu inkişaf yolu keçib, digər fəlsəfi cərəyanlar ölkəmizdə sistemli şəkildə araşdırılaraq öyrənilib və zamanın çağırışları bizdən idealist fəlsəfəyə yaxın olan milli fəlsəfəmizi müəyyənləşdirməyi tələb edir.
Prezident İlham Əliyevin 10 yanvar 2024-cü il tarixində yerli televiziya kanallarına müsahibəsi zamanı yeni tarixi mərhələdə Azərbaycanın gələcək milli ideyası ilə bağlı ziyalılarımız, alimlərimiz qarşısında vəzifələr qoyduğunu bildirən akademik İsa Həbibbəyli bundan irəli gələrək AMEA-da humanitar və ictimai elmlər bölmələrini əhatə edən alimlərin iştirakı ilə 3 dəfə geniş müzakirələrin aparıldığını, Azərbaycanın gələcək milli ideyası ilə bağlı alimlərimizin – “Daha güclü Azərbaycan, türk birliyi, rəqəmsal inkişaf və strateji tərəfdaşlıq” nəticəsinə gəldiyini diqqətə çatdırıb.
Həmçinin Prezident İlham Əliyevin Türk dünyası ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən irəli gələrək Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin yaradıldığını vurğulayıb.
Akademik İsa Həbibbəyli, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarının son dövrlərdə “Milli identiklik”, “Milli fəlsəfə konsepsiyası”, “Sufi fenomenologiyası” və s. mövzularda apardıqları aktual tədqiqatları yüksək qiymətləndirib.
AMEA rəhbəri çıxışının sonunda Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarını əlamətdar gün münasibətilə bir daha təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra çıxış edən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov Ümumdünya Fəlsəfə Gününün tarixi barədə məlumat verib, bu əlamətdar günün təsis olunmasında başlıca məqsədin fəlsəfənin cəmiyyətlərdə oynadığı əhəmiyyətli rolu qeyd etmək, insanlar arasında fəlsəfi düşüncə mədəniyyətini təşviq etmək olduğunu bildirib. O, Fəlsəfə və Sosiologiya İnstitutunun UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə milli və beynəlxalq layihələrdə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Həmçinin mədəni irsimizin və milli identikliyimizin qorunmasında elmin rolundan danışıb.
Hollandiyada yerləşən SOTA Elmi Mərkəzinin baş direktoru PhD Mehmet Tütünçü isə çıxışında ötən əsrin sonlarında ölkəmizə səfərlərindən, Birinci Qarabağ müharibəsi dövründə Hollandiyada Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün gördüyü işlərdən danışıb. 1990-cı illərinə əvvəllərində Hollandiyada “Türküstan və Azərbaycan Araşdırma Mərkəzi” yaratdıqlarını, erməni təcavüzünə açıq etirazlarını bildirdiklərini, torpaqlarından didərgin düşmüş soydaşlarımız üçün maddi yardım topladıqlarını söyləyib. O, Azərbaycanın haqq savaşında əldə etdiyi tarixi Zəfəri böyük sevinc və qürur hissi ilə qarşıladıqlarını vurğulayıb.
Tədbirdə, həmçinin professor “Qələbə, dəyərlər və identiklik”, PhD Nil Vatson “Müasir dünyada identiklik konsepsiyası”, prof., Dr. Yonca İldeş “Türk Milli kimliği”, t.e.d. Eynulla Mədətli “H.Əliyevin dövlətçilik təlimində milli özünüdərk, milli kimlik və mənəvi dəyərlər”, professor Larusi Mizuri “ İdentiklik fəlsəfə və tarix arasında: XIX-XX əsrlərdə Tunisdə italyan icmasının nümunəsi əsasında”, AMEA-nin müxbir üzvü Könül Bünyadzadə “Sufi fenomenologiya yeni dövrün fəlsəfəsi kimi”, professor Heydər İmanov “Gələcək şəxsiyyətin fəlsəfi dərki”, professor Əbülhəsən Abbasov “Fəlsəfi meqabilik və ədəbi tənqid: İsmayıl Şıxlı və Herbert Markuze yaradıcılığında ideya-ideallar identikliyi”, professor Rəna Mirzəzadə “Mehriban Əliyevanın “Yaşıl mədəniyyətli iqlim” dəyərlərinin paradiqmaları”, f.e.d. Füzuli Qurbanov “Yeni tarixi mərhələdə milli ideya: fəlsəfi yanaşma”, dosent Ziba Ağayeva “Universal dəyərlər, müasir texnika və texnologiyalar kontekstində”, dosent Zöhrə Əliyeva “Müasir dövrdə identikliyin qorunması” və dosent Günel Məlikli “Prezident İlham Əliyev – milli dirçəliş fəlsəfəsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Seçilən
9
veteninfo.az

1Mənbələr