AZ

BƏƏ Azərbaycanda minatəmizləmə fəaliyyətinə dəstək verəcək

Birləşmiş Ərəb Əmirlikləri Hökuməti həmin ölkənin Azərbaycan Respublikasındakı Səfirliyi vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında deyilir.

    Məlumata görə, bu məqsədlə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında Anlaşma Memorandumu imzalanıb.

    Fəaliyyət çərçivəsində Agentliyin müvafiq minatəmizləmə fəaliyyətinin dəstəklənməsi, texniki potensialının gücləndirilməsi, zəruri avadanlıqların alınması, habelə keçmiş təmas xətti boyu yerləşən ərazilərdə mina təhlükəsinə qarşı maarifləndirmə tədbirlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
    İmzalanma mərasimi çərçivəsində tərəflər arasında görüş keçirilib. Vüqar Süleymanov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətləri üçün töhfəsinə görə qarşı tərəfə təşəkkür edib.

    Görüşdə qonağa işğaldan azad olunmuş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənmə miqyası, mövcud problemin aradan qaldırılması istiqamətində icra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin, Azərbaycanın üzləşdiyi mina problemi ilə mübarizədə beynəlxalq resursların cəlb olunmasının önəmi və tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.

    Səfir Məhəmməd Əl Bluşi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göstərilən bu yardımı dost Azərbaycan Respublikasının humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.

    Görüş zamanı həmçinin tərəflər arasında mina təhlükəsi ilə mübarizə fəaliyyətinə göstərilən dəstək və bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    Seçilən
    21
    18
    adalet.az

    10Mənbələr