UEFA Çempionlar Liqasının liqa mərhələsində 5-ci tur start götürür.
İdman.biz xəbər verir ki, bu gün Avropanın aparıcı klub yarışında doqquz oyun keçiriləcək.
Adlar baxımından “Bavariya” və PSJ qarşılaşması daha çox diqqət çəkir. Çempionlar Liqasında evdə məğlubiyyətsiz seriyasını 18 oyuna çatdıran (14 qələbə və 4 heç-heçə) Münhen klubu öz meydanında sonuncu dəfə 2021-ci ildə məhz parislilərə məğlub olub - 2:3. Amma ondan sonra rəqiblərin hər üç qarşılaşmasında “Bavariya” quru hesablarla qalib gəlib: iki dəfə 1:0, sonuncuda da 2:0.
Almaniya klubunun ulduz futbolçusu Harri Keyn PSJ-ni əla komanda sayır: “Ulduz futbolçuları çoxdur və topa sahib olmağa çalışacaqlar. Biz də eyni cür oynamaq, topa nəzarət etmək istəyirik. Çalışacağıq ki, onlara çətinlik yaradaq, təzyiq göstərək, xüsusən də qapıçıya”.
Ünvanına təriflər söylənsə də, fakt faktlığında qalır: PSJ bu mövsüm Çempionlar Liqasında keçirdiyi ilk dörd oyunda cəmi 4 xal toplayıb ki, bu da komandanın 2004/05-ci ildən sonra qrup/liqa mərhələlərində ən aşağı nəticəsidir. Bundan başqa, Paris klubu tarixində ilk dəfə avrokuboklarda bir təqvim ilində beş matçda məğlub olub.
Nəticədə PSJ hazırda Çempionlar Liqasının liqa mərhələsində 25-ci pillədə qərarlaşıb, elə “Bavariya” da ondan uzağa getməyib – 17-ci yer. Harri Keyn bununla bağlı deyir: “Biz bu qədər aşağı pilləyə düşməyə öyrəşməmişik. İlk səkkizliyə yüksəlmək üçün qalan matçlarda qalib gəlməliyik. Qarşıdakı oyun da çətin olacaq. Risk altında olan çox şey var və biz bunun fərqindəyik”.
Komandaların turnir cədvəlindəki mövqelərinə əsasən, 2-ci pillədəki “Sportinq”lə 12-ci “Arsenal”ın görüşü də maraq doğurur.
Bu mövsüm bütün turnirlərdə qələbə seriyasını doqquz oyuna çatdıran “Sportinq”dən fərqli olaraq, London klubu Çempionlar Liqasında əvvəlki dörd səfər matçında fərqlənə bilməyib. “İnter”ə 0:1 hesabı ilə uduzduqları qarşılaşmada hətta rəqib qapısı istiqamətində 20 zərbə vursalar da, topu qapıdan keçirmək heç cür mümkün olmayıb.
2023-cü ilin martında Avropa Liqasının 1/8 finalında üz-üzə gələn rəqiblərin mübarizəsində “Sportinq” penaltilər seriyasında qələbə qazanmışdı (2:2, 1:1, pen. 5:3). Mətbuat konfransında həmin oyunları xatırladan jurnalistə “Arsenal“ın baş məşqçisi Mikel Arteta belə cavab verib:
“Düşünürəm, hər bir komanda təkmilləşir. “Sportinq” və etdiklərinə gəlincə, bu inanılmazdır. Biz də iki il əvvəlki ilə müqayisədə çox irəliləmişik, ona görə də qarşılaşma bizim üçün yaxşı sınaq olacaq”.
Turnir cədvəlinin üst sıralarında qərarlaşmış komandalardan 6-cı yerdəki “Barselona” ilə 4-cü pillədəki “Brest”in qarşılaşmasını da qeyd etmək lazımdır.
“Brest” Fransa Liqa 1-də son iki oyununda uduzsa da, Çempionlar Liqasının yarandığı 1992-ci ildən bəri yarışın tarixində hələ də məğlub olmayan (3 qələbə, 1 heç-heçə) yeganə klub olaraq qalır.
La Liqada son iki matçında qalib gələ bilməyən “Barselona” da bugünkü oyunda azarkeşlərinin üzünü güldürməyə çalışacaq.
Yeddi il əvvəl “Mançester Siti” Çempionlar Liqasında “Feyenoord”la oyunlarda çətinlik çəkmədən qalib gəlmişdisə (4:0 və 1:0), indi vəziyyət fərqlidir. Rəqiblərin bugünkü qarşılaşması “şəhərlilər”in uğursuzluq zolağından çıxa bilib-bilməyəcəyi baxımından böyük maraq doğurur. “Mançester Siti” 2006-cı ildən bəri ilk dəfə ardıcıl beş oyunda məğlub olub, Pep Qvardiola isə, ümumiyyətlə, məşqçi karyerasında ilk dəfə belə hal yaşayır. Amma ispaniyalı mütəxəssis iş prinsiplərinin dəyişdirməyi zəruri hesab etmir: “Əgər ilk mövsümdə prinsiplərimi dəyişsə idim, səkkiz il ərzində Premyer Liqada altı çempionluq qazana bilməzdik. İndi də inandığımız yoldan dönmək fikrində deyiləm. Çərşənbə axşamı qalib gələcəyik və fikirlərimiz aydınlaşacaq. Yox alınmasa - bazar günü (“Liverpul”la oyunda). Əgər onda da alınmasa - gələn həftə. Vəziyyəti dəyişməyə çalışırıq”.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
27 noyabr
21:45 Sparta - Atletiko
21:45 Slovan - Milan
00:00 Barselona - Brest
00:00 Bayer - Zalsburq
00:00 Bavariya - PSJ
00:00 İnter - Leypsiq
00:00 Mançester Siti - Feyenoord
00:00 Sportinq - Arsenal
00:00 Yanq Boyz – Atalanta
İdman.biz