AZ

Gen məbədimizə təcavüz: Qlobal terrordan necə qorunmalı? – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Məlum olduğu kimi, uzun onillərdir ki, qlobal transkorporasiyalar dünyada təbii məhsulların sıradan çıxarılmasına, GMO məhsulların tətbiqinə çalışır, var gücləri ilə bu işi bütün ölkələrdə həyata keçirməyə cəhd edirlər. Lakin bir çox ölkələr öz ərzaq təhlükəsizliyini, qida təhlükəsizliyini qorumaqda israrlıdır və bununla bağlı işlər həyata çeirirlər. Azərbaycanın da belə bir potensialı var.

Azərbaycanda bu toxumların və məhsuların kütləvi gətirilməsi ötən əsrin 90-cı illərindən başlayıb. Ölkəmizdə geni dəyişdirilmiş məhsulların istehsalı, idxalı və satışı bir neçə qanunla qadağandır. Lakin buna baxmayaraq satışda belə məhsullara çox rast gəlinir.

Elmi araşdırmalara görə, geni dəyişdirilmiş məhsullar insanlar və bütün canlı aləm üçün təhlükəlidir. Bu məhsullar insanın gen strukturunu və psixologiyasını dəyişir, onun immunitetini ağır vəziyyətə salır, onu öz təbii bioloji vəziyyətindən çıxarır və çox qorxunc xəstəliklərə səbəb olur. Xərçəng xəstəliyinin ən böyük səbəblərindən biri də geni dəyişdirilmiş ərzaq məhsullarıdır.

GMO özünü 2-ci nəsildə daha faciəvi şəkildə büruzə verir. Genetik strukturu pozulmuş yeni nəsillərin immuniteti zəif olur, xəstəliklərə, viruslara davamlılığa aşağı düşür. Heyvanlar üzərində aparılan təcrübələr də bunu göstərir.

Transgen məhsullar təkcə insanlar üçün yox, bütün canlılar, bütün təbiət üçün qorxunc təhlükədir. Belə ki, genetik tərkibi qarışdırılmış orqanizmlər torpaq fondunu məhv edir, onların əkildiyi torpaqlar təbii münbitliyini, faydalı mikroorqanizmləri itirir və sonra orada digər təbii məhsulların əkilməsi mümkün olmur. Heyvanlar da GMO yemlərdən qidalanaraq öz təbiiliyindən çıxır, xəstə bir yarımcan kütləyə çevrilir. Ən sadə misal kimi broyler toyuqlarını göstərmək kifayətdir. Təbii toyuqlarla onların fərqi göz qabağındadır. Biz onların ətini, yumurtasını yeyərkən də bu orqanizmləri qəbul etmiş oluruq. Üstəlik, güclü hormonal yemlərlə ildırım sürətilə böyüdülən bu toyuqlar insanın horman balansını dəyişir və bunun nəticəsi özünü çoxsaylı xəstəliklərdə aydın göstərir.

GMO texnologiyasının yarandığı və ilk tətbiq olunduğu ABŞ-da əhalinin sağlamlığının necə ağır vəziyyətə düşdüyü həmin ölkənin və BMT-nin statistikalarından aydın görünür. Ən pis xəstəliklər üzrə Amerika əhaliyə nisbətdə dünyada liderdir. Yalnız güclü və çox bahalı tibbi xidmətin sayəsində ağır faciənin qarşısını bir qədər ala bilirlər. Əksər amerikalılar həddən artıq şişmandır, əhalinin çoxu müxtəlif dərmanlar və antidepresantlarla yaşayır. GMO məhsulların geniş istifadə olunduğu digər ölkələrdə də eyni vəziyyətdir.

Bu məsələ həm də birbaşa milli təhlükəsizliyimizlə bağlıdır. Xalqımızın genefondunu məhv edə biləcək bu məhsullar təkcə fiziki yox həm də psixi xəstəliklərə yol açdığı məlumdur. İnsanın beynindəki hüceyrələr də qəbul etdiyi qidalarla formalaşır. Zaman keçdikcə çox sayda psixi xəstəliklər, psixoloji problemlər yaranır.

İndi isə problemə dövlət təhlükəsizliyi tərəfindən baxaq. Dövlətimiz üçün strateji təhlükə belədir- GMO toxumlar reproduksiya vermədiyindən öz təbii toxumlarını məhv edərək GMO toxumların əkininə keçən ölkələr hər il qlobal korporasiyalardan toxum almaq məcburiyyətində qalır. Nəticədə həmin dövlət bir qlobal şirkətdən tam asılı vəziyyətə düşür, faktiki müstəmləkəyə çevrilir. Çünki bu toxumların sahibi bir növ o ölkənin aqrar sektorunun, ərzaq məhsullarının sahibidir, bu səbəbdən o şirkət həmin dövlətə qarşı istənilən tələbi irəli sürə bilər, buna razı olmayanda isə sadəcə toxum ixracını dayandırar və ölkənin kənd təsərfüfatını çökdürə bilər.

Bundan başqa, qida təhlükəsizliyi təmin edilməyəndə əhali arasında xəstəliklər kəskin artır, viruslara müqavimət azalır. Nəticədə dövlət ağlagəlməz məbləğlərdə zərərə düşür, səhiyyə xərcləri kəskin artır, əlillərin və ağır xəstələrin sayının artması sosial yükünü artırır, cəmiyyətdə işləmədən müavinət alanların sayı artır.

Dünyanın əksər ölkələrində buna qarşı dövlət və ictimai təşkilatlar səviyyəsində mübarizə aparılır, bir çox ölkələrdə GMO məhsulların istehsalı, idxalı, satışı qadağan edilib. Əksər ölkələrdə buna qarşı ciddi ictimai müqavimət var.

Bizdə də dövlətimiz GMO məhsulları qadağan edən, yalnız ekoloji təmiz təbii məhsulların istehsalı, idxalı və satışına icazə verən bir neçə qanun qəbul edib. Ümumilikdə, GMO məhsullarla, təbii ərzaq məhsulları ilə bağlı ölkə rəhbərinin sərəncamları, qəbul olunmuş qanunlar çox müsbətdir. Lakin bəzi qlobal mərkəzlər bundan narahat olublar və ölkəmizdə bu qanunların dəyişdirilməsinə çalışırlar.

Azərbaycan təbiəti, vətənimizin yeraltı və yerüstü resursları bizim özümüzü təbii məhsullarla təmin etməyimiz üçün yetərli imkanlara malikdir. Bu potensialdan səmərəli istifadə etməklə, sağlam cəmiyyət, güclü dövlət yarada bilərik. Bunun üçün aqrar sektora diqqəti artırmalı, yerli toxumlarımızı artırıb əkinçilərimizi təmin etməliyik. Bu halda ərzaq və qida təhlükəsizliyimiz qorunmuş olar, heç vaxt xarici ölkələrdən asılılığımız olmaz.

Seçilən
23
sesqazeti.az

1Mənbələr