Çərşənbə axşamı Baş Prokurorluq xaricdəki gəlirlərini gizlədən kənd təsərrüfatı məhsulları ixracçıları barəsində açılan yeni cinayət işləri haqqında məlumat yayıb.
Belə ki, Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə “SOİL BOONS” MMC tərəfindən ümumilikdə 6.9 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 11.7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Cahangir Alim oğlu, Hacıyev Elyar Taryel oğlu, Mirzəmədov Mehman Əjdər oğlu, Qəbilov Saleh Rza oğlu və Əliyev Alı Cahangir oglu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Elə həmin prokurorluqda eyni maddələrlə Elxan Qurbanov və Fuad Xalıqov barəsində cinayət işi açılıb. Onlar 3,8 milyon dollar (6,5 mln. manat) vəsaiti Azərbaycana qaytarmamaqda ittiham olunurlar. Onlar barəsində də istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə “Roksa” və “Betta Advertising Media” MMC-lərin direktorları Nəcəfov Samir Afət oğlu və Qasımov Rəfayıl Qasım oğlu tərəfindən ümumilikdə 69 min ABŞ dolları (118 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən S.Nəcəfov və və R.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində axtarış elan edilib.
Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə xaricə müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edən fiziki şəxs Məmmədzadə Bayram Nüsrət oğlu tərəfindən ümumilikdə 2.2 milyon ABŞ dollarından artıq (3.8 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən B.Məmmədzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Məmmədzadə Qurban isə 516 min ABŞ dolları (878 min manat) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmamaqda ittiham olunur. Onun barəsində də polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
Xatırladaq ki, indiyədək prokurorluq onlarla meyvə-tərəvəz ixracçısını məhsul satışından əldə olunan on milyonlarla dollar vəsaiti ölkəyə qaytarmamaqda ittiham edərək həbs edib.