AZ

Hikmət Hacıyevə açıq məktub: ""Dilimin uzanması"nın həbsimə nə aidiyyəti var?"

Həbsdə olan "AzadlıqRadiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıq məktub ünvanlayıb

Hikmət Hacıyev noyabrın 12-də COP29 sammitinin ikinci günündə yerli jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanda siyasi məhbusların olmadığını demişdi(https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-eliyevin-komekcisinden-beynelxalq-cagirislara-reaksiya-jurnalist-fealiyyetine-gore-hebs-olunmayiblar.html). 

"Söhbət onların jurnalistikadan kənar fəaliyyəti ilə bağlı proseslərdən gedir. Kiminsə jurnalist olması qanunun aliliyinin pozulması anlamına gəlmir. Jurnalist olmaq qanundan üstün olmaq və yaxud da qanundankənar imtiyazlara sahib olmaq anlayışı deyil. Dediyiniz şəxslərlə də bağlı mən konkret rəqəmləri deyə bilərəm. Burada böyük miqdarda qanunsuz maliyyə dövriyyəsindən söhbət gedir. Qanunsuz maliyyə dövriyyəsi Azərbaycan Respublikasının bir neçə fundamental əsaslı epizodlar üzrə qanunlarının pozulmasıdır”, - Hikmət Hacıyev deyib.

O fikrini sualla bitirib: "Özlərini media orqanları adlandıran təsisatlar belə qanunsuz maliyyə fırıldaqçılığında iştirak edərək Azərbaycan qanunlarını pozduqlarını dərk etmirlər?”.

Fərid Mehralızadə məktubunda xatırladıb ki, hətta məhkəmə istintaqı başlamazdan öncə ictimaiyyət qarşısında vətəndaşın cinayət törətdiyinə işarə edən ifadələr işlətmək hüquqaziddir: "İşlədilən "qanunsuz maliyyə dövriyyəsi”, "maliyyə fırıldaqçılığında iştirak” kimi ifadələr təqsirsizlik prezumpsiyasının kobud şəkildə pozulmasıdır. Belə tələsik açıqlamanın və media nümayəndəsinə qarşı aqressiv reaksiyanın diplomatik karyeraya sahib dövlət rəsmisi tərəfindən edilməsi xüsusilə heyrət və məyusluq doğurur. Hesab edirəm ki, sizin bu açıqlamanızı Azərbaycanda siyasi motivli həbslərin olması və məhkəmə hakimiyyətinin müstəqil olmaması ilə bağlı fikirlərin təsdiqi kimi qiymətləndirmək olar. Öz həbsimi siyasi motivli və qanunsuz hesab etməklə bağlı iddianı əsaslandırmaq üçün saxlanılmağım və həbsimlə bağlı sizə qısa məlumat vermək istəyirəm”.

"Mən 2024-cü il mayın 30-da saxlanılmışam. Həmin gün saat 08:30 radələrində küçədə gedərkən 10 nəfərdən artıq qara maskalı və idmançı görkəmli şəxs mənə hücum etdi. Bəli, təəssüf ki, bunu saxlanma yox, məhz hücum və adam oğurluğu adlandırmaq olar. Həmin şəxslər mənim heç bir müqavimət göstərmədiyim halda, mənə zor tətbiq edərək başıma qara torba keçirərək və əlimi qandallayaraq avtomobilə əyləşdirdilər. Elə avtomobilin içindəcə mənə fiziki güc tətbiq edərək telefonumun şifrəsini tələb etdilər. Daha sonra həmin şəxslər məni naməlum ünvana apararaq orada da heç bir səbəb göstərmədən həm fiziki, həm psixoloji zorakılıq törətdilər və yalnız bundan sonra onlar məni Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verdilər. Saxlanılma anımdan dindirilmənin başladığı anadək iki saat ərzində mən başına torba keçirilmiş və əlləri çox sıx şəkildə qandallanmış halda saxlanılmışam”.

Fərid Mehralızadə daha sonra müraciətində bildirir ki, həbsxanada saxlanıldığı 6 ay ərzində davam edən ibtidai istintaq nəticəsində ittiham tərəfi onun hansısa mütəşəkkil cinayətkar dəstənin tərkibində "qaçaqmalçılıq" törətməyilə bağlı heç bir sübut göstərə bilməyib: "Göstərməsi mümkün də deyil. Ancaq qəribədir ki, ortada sübut olmadan ibtidai istintaq orqanı yekun ittihamlarda bu qənaətə gəlib ki, mən "AbzasMedia”nın iqtisadi və sosial məsələlər üzrə məsul şəxsi olmuşam və "AbzasMedia”nın ofisində fəaliyyət göstərmişəm. Dediklərimdən əsla belə anlaşılmasın ki, mən "AbzasMedia”nın hansısa cinayətlər törətdiyini, ancaq mənim bu cinayətlərdə iştirak etmədiyimi bildirirəm. Mən hesab edirəm ki, "AbzasMedia”ya qarşı açılan cinayət işinin də əsas səbəbi bu media qurumunun müstəqil və araşdırmaçı jurnalistika fəaliyyəti ilə bağlıdır. "AbzasMedia"nın ərsəyə gətirdiyi araşdırmalar Azərbaycan jurnalistikasının ən peşəkar nümunələri arasındadır. Amma mənim "AbzasMedia" ilə nəinki daimi, heç epizodik əməkdaşlığım da olmayıb. Belə bir əməkdaşlığın və bunu təsdiq edən hər hansı bir sübutun olmamasına baxmayaraq, mənə hansısa xəyali mütəşəkkil dəstə tərkibində qaçaqmalçılıq törətməyimlə bağlı cinayət işinin açılması onu göstərir ki, bu cinayət işi mənim Azərbaycan iqtisadiyyatı ilə bağlı səsləndirdiyim tənqidi fikirlərlə bağlıdır və siyasi motivlidir. İctimaiyyət qarşısında bəyan edirəm ki, mənə qarşı qaldırılan cinayət işi əsassız və qanunsuzdur”.

İqtisadçı yazır ki, ona qarşı fiziki zorakılıq törədən şəxslər "sənin dilin çox uzanıb”, "biz sənə həyatı başa salacağıq” kimi ifadələr işlədiblər: "Əgər həbsim, doğrudan da, hansısa maliyyə maxinasiyalarında iştirakımla bağlıdırsa, o zaman mənim "dilimin uzanması”nın, yəni, səsləndirdiyim və yazdığım fikirlərin bura nə aidiyyəti var? Həbsimlə mənə nə başa salınmağa çalışılır? Mən Azərbaycanı çox sevirəm. Hesab edirəm ki, Azərbaycan xalqı daha ədalətli və rifah dolu cəmiyyətdə yaşamağa layiqdir. Azərbaycan hökuməti, nəhayət, anlamalıdır ki, ölkənin ictimai mühiti, sadəcə, sizin də çalışdığınız dövlət qurumu tərəfindən hazırlanan tezislər əsasında fəaliyyət göstərən media, vətəndaş cəmiyyəti və siyasi təşkilatlardan ibarət deyil”.

"Azərbaycanda müstəqil fikirli adamlar da var. Hökumət bu təsisatların effektiv işləməsi üçün qanunvericiliyi və praktiki yanaşmalarını dəyişməlidir. Amma biz bu dəyişiklik əvəzinə Sizin yuxarıda qeyd etdiyim açıqlamanız timsalında öz tənqidçilərinizi marginallaşdırmağa, onları hədəf halına gətirməyə və cəmiyyətimizi qütbləşdirməyə yönəlik addımlara şahid oluruq. Anlamaq lazımdır ki, ölkədəki hansısa narazılıqların həllinə bu problemləri dilə gətirən şəxsləri susduraraq nail olmaq olmaz. Əksinə, bu problemlər daha uca səslə dilə gətirilməlidir və hökumət də bu müzakirələrin iştirakçısı olmalıdır. İctimai mövqeyindən və ya hər hansı mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdir. Sizin məhkəmə istintaqı başlamadan siyasi məhbusları cinayət törətməkdə günahlandırmağınız siyasi diskriminasiya olmaqla bərabər, həm də tez-tez istinad etdiyiniz dövlətçilik prinsipləri ilə də ziddiyyət təşkil edir. İctimaiyyət qarşısında mənim cinayət törətməyimlə bağlı açıqlamanıza görə sizə dərin təəssüfümü bildirir və gələcəkdə daha məsuliyyətli açıqlamalar verməyə çağırıram”, - deyə iqtisadçı bildirib.

Fərid Mehralızadə 2024-cü il iyunun 1-də həbs edilib.

Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb.

Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlıdır.

2024-cü il sentyabrın 6-da Fərid Mehralizadə barəsində həbs qətimkan tədbirinin müddəti dekabrın 19-na qədər uzadılıb.

O, ittihamları qəbul etmir, qurama sayır.

Azərbaycan hakimiyyəti ölkədə heç kimin sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs olunmadığını bildirir.

Ancaq ötən ilin noyabrından başlayaraq ölkədə qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. 

Onların çoxu əvvəlcə "AbzasMedia işi” ilə əlaqəli olub.

Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və başqaları ilə davam edib.

Saxlananlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

 Yerli hüquq-müdafiə təşkilatları Azərbaycan həbsxanalarında azı 300 siyasi məhbusun olduğunu bildirirlər.

Daha öncə "AzadlıqRadiosu”nun prezidenti Stiven Kapus da Fərid Mehralızadəni azadlığa buraxmağa çağırıb.

"Biz onun saxta ittihamlarla həbsdə qalmasından dərin narahatıq. Onun evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanına qayıtması üçün dərhal azadlığa buraxılmasına çağırırıq”, –Stiven Kapus jurnalistin həbsinin beş ayı tamam olanda – oktyabrın 30-da bildirib(https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-azadliq-radiosunun-prezidenti-ferid-mehralizade-ile-bagli-cagiris-edib.html). 

Seçilən
44
32
arqument.az

10Mənbələr