AZ

Fazil Qasımov zorakılıq haqqında məlumat verdiyinə görə İstintaq Təcridxanasında cəzalandırılıb

Həbsdə olan iqtisadçı alim Fazil Qasımov noyabrın 16-da ailəsi ilə telefon danışığının kəsilməsinə etiraz etdiyinə görə təzyiqə məruz qalıb.

"Telefon danışığı kəsilib. Fazil əlaqəni bərpa etməyi tələb edib. Bu zaman təcridxananın əməkdaşı Cəlal Əlizadə həmkarları ilə birlikdə Fazili təcridxananın tibb-sanitariya hissəsində telefon danışıqları üçün nəzərdə tutulmuş otaqdan zorla çıxarıblar, gödəkcəsini cırıblar, döşəmədə sürüyərək kameraya salıblar.

Səhər Əlizadə Qasımovu vəkillərlə görüş üçün nəzərdə tutulmuş otağa aparıb və orada əllərini və ayaqlarını bağlayaraq, saçını keçəl qırxmaq istəyib. Fazil qışqırıb, köməyə çağırıb. Məhbuslar və mühafizəçilər otağa gəlib, bu zaman onun burnu qanayıb. Fazilə yardım göstərmədən onu kameraya qaytarıblar. Fazil həkim çağırıb, lakin həkim gəlməyib və qanaxma sənədləşdirilməyib", deyə Qasımovun qohumu noyabrın 22-də İstintaq Təcridxanaasında onunla söhbətinə istinadla bildirib.

Növbəti gün Kazımovun yazdığı vəsatətlər əlindən alınıb və güc tətbiq edilməklə, o, tibb-sanitariya hissəsindən İstintaq Təcridxanasına aparılıb.

Qohumunun sözlərinə görə, Fazil Qasımov 165 gündür yemək yemir, aclığı davam etdirir. O, yalnız maye, bəzən balla qarışdırılmış maye qəbul edir. Son bir həftədə bir qədər qatıq yeməyə başlayıb.

Penitensiar Xidmətdən məhbusların bütün hüquqlarına ciddi şəkildə riayət olunduğu və təcridxanada saxlanılanların sağlamlıq vəziyyətinə həkim nəzarətinin olduğu bildirilir.

* Fazil Qasımov 2023-cü il avqustun 8-də İstanbulda saxlanılıb və Azərbaycana gətirilib. O, məşhur iqtisadçı və Azərbaycan hökumətinin tənqidçisi Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunub. Lakin indi Fazil Qasımov barəsində cinayət işinə İbadoğlunun cinayət işindən ayrılıqda baxılır.

O, qanunsuz həbsinə etiraz əlaməti olaraq aclıq elan edib.

Seçilən
9
turan.az

1Mənbələr