AZ

Kəlbəcər əvvəlkindən daha möhtəşəm və müasir üslubda qurulur

Kəlbəcərin işğaldan azad olunması Azərbaycanın Vətən müharibəsindəki hərbi-siyasi zəfərinin növbəti rəmzlərindən biri idi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla noyabrın 25-i xalqımızın, xüsusilə də Kəlbəcər sakinlərinin yaddaşlarında qızıl hərflərlə həkk olunduğu gün - Kəlbəcər Şəhəri Günüdür.

Kəlbəcər Azərbaycanın ən qədim tarixi bölgələrindən biridir. İnzibati-coğrafi baxımdan Azərbaycanın ən böyük rayonlarından biri olan Kəlbəcər işğala qədər mədənçıxarma sənayesi, kənd təsərrüfatı, turizm, yeyinti və mineral emal sənayesi mərkəzlərindən biri kimi şöhrət qazanıb, respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayıb.

27 ildən çox olan işğal dövründə ermənilər ən zəngin mədənçıxarma mərkəzi olan Kəlbəcərin təbii sərvətlərini qanunsuz olaraq və vəhşi formada istismar edərək xarici ölkələrə daşıyıb, külli miqdarda ziyan vurublar. Eyni zamanda, sakinlərin və dövlətin resursları, infrastruktur, meşə və su fondu, maddi-tarixi-memarlıq nümunələri dağıdılıb, bəzilərinin özününküləşdirmə cəhdləri olub.

Birinci Qarabağ müharibəsində Kəlbəcərin işğalı Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti hesab oluna bilərdi. Bu strateji inzibati bölgənin itirilməsi digər rayonların işğalına asanlıqla yol açdı.

Rayonun işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etsə də, kağız üzərində qalan bu sənədin icrasını Azərbaycan dövləti özü təmin etdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin sürətli hücumu ilə Vətən müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi işğalçılardan azad edildi. Bu yüksəkliklər böyük bir coğrafi əraziyə Ordumuzun nəzarətini təmin etməklə, erməni silahlılarının bir-biri ilə əlaqəsini məhdudlaşdırdı.

Ali Baş Komandanın vurğuladığı kimi “Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”. Vətən müharibəsində tarixi qələbənin və qətiyyətli siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsi olaraq, Ermənistanın kapitulyasiyası rəsmiləşdirilməklə Kəlbəcər bir güllə atılmadan geri qaytarıldı.

Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Azərbaycan humanizm prinsipindən çıxış edərək, qanunsuz məskunlaşmış ermənilərin buradan çıxmasına şərait yaratdı. Köç müddətində ermənilər rayonun təbiətinə, evlərə və mövcud infrastruktura vurduqları ziyanla bir daha barbar simalarını dünyaya nümayiş etdirdilər. 

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə, bir qrup hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Kəlbəcər azad edildikdən sonra sürətli quruculuq işlərinə start verildi, çətin relyefə və əlverişsiz iqlim şəraitinə baxmayaraq rayon ərazisində yol-nəqliyyat, tunel və digər infrastrukturların çəkilişinə başlanıldı.

2021-ci ilin avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb, səfər çərçivəsində “AzərEnerji” ASC-nin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib, “İstisu” Mineral sudoldurma zavodunda və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olub. Növbəti səfərləri zamanı yeni obyektlərin təməllərini qoyub, aparılan işlərlə maraqlanıb.

Dövlət başçısı sentyabrın 2-də Kəlbəcərə növbəti səfəri zaman “Yuxarı Vəng”, “Zar”, “Toğanalı” su elektrik stansiyalarının açılışını edib. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə, eləcə də şəhərdə inşa edilən 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub.

Həmin səfər zamanı ən əlamətdar hadisə “İstisu” mineral su zavodunun istifadəyə verilməsi olub. Hazırda, 30 illik fasilədən sonra müasir standartlarla yenidən qurulan bu müəssisədə zəngin nadir mineral su yenidən istehsal edilir.

Prezidentin həmin səfəri zamanı digər mühüm hadisə inşası sürətlə davam etdirilən “İstisu” Müalicə-İstirahət Kompleksi ilə tanışlıq olub. Vaxtilə ittifaq əhəmiyyətli ikinci böyük kurort hesab edilən və il ərzində 50 min nəfəri qəbul etmək imkanına malik olan kompleks ən müasir üslubda inşa edilməkdədir. Yaxın vaxtlarda istifadəyə veriləcək sanatoriya əvvəlkindən daha böyük və cəlbedici müəssisə kimi region və dünya ölkələrinin diqqətini cəlb edəcək.

Kəlbəcərin müasir quruculuğunda turizm sektoru da ön plana çıxmaqdadır. Sovet dövründə bu imkanlardan yetərincə faydalanmaq mümkün olmamışdısa, hazırda ən müasir və indiyə qədər yaradılmayan yol-nəqliyyat infrastrukturlarının qurulması Kəlbəcəri bölgənin ən böyük turizm mərkəzinə çevirəcək.

Rayonun magistral nəqliyyat qovşaqlarının yaxın ərazidə inşa edilən Laçın Beynəlxalq Hava Liman ilə birləşdirilməsi də bu hədəflərə xidmət edir. Xüsusilə də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və digər genişşaxəli nəqliyyat sxemləri turistlərin birbaşa bu bölgəyə, o cümlədən “İstisu” sanatoriyasına asan və rahat gəlişini təmin edəcək. Eyni zamanda, mineral-xammal ehtiyatları ilə zəngin olan rayona iş adamlarının cəlb edilməsi imkanlarını və rayonun ümumi iqtisadi potensialını artıracaq.

Kəlbəcərdə təsdiq edilmiş Baş plan layihəsi çərçivəsində yaşayış binaları və fərdi evlərin tikintisi də sürətlə davam etdirilir. İlk məhəllədə dördmərtəbəli üç və ikimərtəbəli on yaşayış binasının inşası nəzərdə tutulur. Eləcə də, İstisu qəsəbəsi, Zallar, Qamışlı, Qılınclı, Otaqlı və Çıraq kəndlərində də tikinti işlərin aparılması nəzərdə tutulub. Ümumilikdə, 2026-cı ilə qədər bir şəhər, bir qəsəbə, 13 kənd olmaqla 15 yaşayış məntəqəsinin tikintisi həyata keçiriləcək.

Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə hərbi işğaldan azad edilmiş Kəlbəcər, onun rəhbərliyi altında sürətlə yenidən qurulur.

Ramid Namazov,
Milli Məclisin deputatı

Seçilən
23
1
ikisahil.az

2Mənbələr